
Bu sözləri QAFSAM sədri Araz Aslanlı qeyd edib.
Onun sözlərinə görə, sərhəd-buraxılış məntəqəsinin qurulduğu yer “Laçın dəhlizi”, ya da “Laçın-Xankəndi yolunun başlanğıcı” yox, “Azərbaycan-Ermənistan sərhədi (Laçın rayonu)” olmalıdır:
“Necə ki, Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsi” Biləsuvar-Ələt yolunun başlanğıcındakı deyil, Azərbaycan-İran sərhədindəki məntəqədir, “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsi Qazax-Gəncə yolunun başlanğıcındakı deyil, Azərbaycan-Gürcüstan sərhədindəki məntəqədir, “Samur” sərhəd-keçid məntəqəsi Qusar-Şabran (ya da Qusar-Quba yolunun) yolunun başlanğıcındakı deyil, Azərbaycan-Rusiya sərhədindəki məntəqədir, bu da eyni qaydada.
Sərhəd-buraxılış məntəqəsini yol ilə əlaqələndirmək ilk başda daxili auditoriya üçün maraqlı ola bilər (“yola nəzarət artıq bizdədir” düşüncəsi baxımından). Amma hüquqi və strateji baxımdan sərhəd-buraxılış məntəqəsinin sadəcə dövlətlərin adı və yerləşdiyi inzibati ərazi vahidi (ya da o yeri simvollaşdıran ifadə) ilə əlaqələndirilməsi daha doğrudur.
Müəyyən məqamlar üçün yolu qorumaq, yola nəzarət etmək xüsusi vurğulana bilər, amma ümumiyyətlə qorunan vətəndir, dövlətin ərazisidir. Sərhəd-buraxılış məntəqəsi Laçın-Xankəndi yolunun başlanğıcında qurulmayıb, sərhəddə qurulub, o məntəqədən sonra bir yol Xankəndiyə gedə bilər, bir yol Laçın rayonunun kəndinə, bir yol başqa istiqamətə.
Digər tərəfdən ifadələr elə seçilməlidir ki, xarici təbliğatda "yolu kəsmək" kimi deyil, sərhədi (suverenliyi) bərpa və nəzarəti təmin etmək kimi anlaşılsın (əslində olan da elə budur). Beləcə haqq işimizə də kölgə düşürməmiş olarıq”.
Tehsil-press.az