
Qəbul musiqişünaslıq, turizm bələdçiliyi, turizm işinin təşkili, bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist), rejissorluq (teatr rejissoru), kinoşünaslıq ixtisasları üzrə aparılır.
Qeyd olunan ixtisaslar üzrə tədris əyani formada həyata keçiriləcək. ADMİU-da yenidənhazırlanma təhsili Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na əsasən aparılır.
ADMİU-da yenidənhazırlanma təhsilinə sənəd qəbulu müraciət edənlər tərəfindən şəxsən təqdim edilməklə həyata keçirilir. Təqdim edilmiş sənədlər müvafiq tələblərə cavab verdiyi halda müraciət edən şəxslər yenidənhazırlanma təhsili almaq hüququ qazanırlar. Sənədlər sentyabrın 5-dək qəbul ediləcək.
Yenidənhazırlanma təhsili almaq istəyənlər qeyd olunan sənədləri - rektorun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) notarial qaydada təsdiqlənmiş surətini, 2 ədəd fotoşəkil (3×4 sm JPEG formatında) və şəxsiyyət vəsiqəsinin surətini (soyadı dəyişdiyi halda, təsdiqedici sənəd) təqdim etməlidirlər.
Ərizə formasını ADMİU-nun saytına daxil olaraq yükləmək mümkündür.
Tehsil-press.az