Ukraynalı tələbələrə Şuşa haqqında məlumat verilib

Ukraynalı tələbələrə Şuşa haqqında məlumat verilib Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Səmayə Məmmədova Ukraynanın Sum Dövlət Universitetinin tələbə və müəllimləri üçün mühazirə aparıb.
Onlayn formatda keçirilən görüşdə şöbə müdiri Şuşa şəhərinin bərpasından, burada təşkil olunan beynəlxalq tədbirlərdən və xarici jurnalistlərin bu şəhərə səfərlərindən söhbət açıb.
Görüşün moderatoru, Ukrayna-Azərbaycan layihələrinin kuratoru, jurnalist Marına Qonçaruk qeyd edib ki, işğaldan azad olunan ərazilərin bərpası üzrə Azərbaycanın təcrübəsi Ukrayna üçün çox mühümdür. O, həmçinin Şuşa şəhərinin görkəmli yetirmələrinin, o cümlədən Yusif Çəmənzəminli və Cəlil Sadıqovun Ukrayna-Azərbaycan münasibətlərindəki rolundan söz açıb.
Tarix elmləri namizədi, Sum Dövlət Universitetinin tarix kafedrasının dosenti Anatoli Qonçarenko ukraynalı tələbələrin Azərbaycanda ictimai rəy liderləri ilə əlaqələrinin vacibliyini vurğulayaraq, bu əlaqələrin onlara dost Azərbaycan xalqı haqqında daha çox məlumat toplamağa şərait yaradacağını bildirib.
Səmayə Məmmədova Şuşa şəhərinin qədim tarixindən, Azərbaycanın mədəniyyət paytaxtının ölkənin tarixində və incəsənətində oynadığı roldan, Azərbaycanın mədəni və ictimai həyatında bu şəhərin əhəmiyyətindən danışıb. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri görüş iştirakçılarına qədim şəhərin unikal memarlıq və tarixi simasının bərpası üzrə aparılan işlər barədə də məlumat verib.
Sonda Səmayə Məmmədova Şuşa şəhərini ziyarət etmək və şəhərdə fəaliyyət göstərən müəssisə və təşkilatlarla əlaqə qurmaq imkanları ilə maraqlanan tələbə və müəllimlərin suallarını cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər