Rəsmilər Gədəbəydəki vəziyyətə görə toplandı

Rəsmilər Gədəbəydəki vəziyyətə görə toplandı Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın üzvləri Gədəbəy rayonuna gedib.
Komissiya üzvlərinin iştirakı ilə Gədəbəy Rayon İcra Hakimiyyətində iclas keçirilib.
İclasda Komissiya üzvləri ilə yanaşı, rayon rəsmiləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edib.
Komissiya üzvləri Söyüdlü kəndindəki vəziyyəti müzakirə ediblər. Onlar iclasdan sonra Söyüdlü kəndinə gedəcək, kənd sakinləri ilə görüşəcək, süni gölün tikintisi aparılan əraziyə baxış keçirəcəklər.
***
Komissiya üzvləri süni gölün tikintisi aparılan ərazidə olub, zavodun ərazisindəki tullantıxanaya - gölə baxış keçiriblər.
Ərazidə monitorinq aparmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səyyar laborator maşını fəaliyyət göstərir.
Ətraflı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidə monitorinq aparan qrupunun üzvləri komissiyanın sədri Muxtar Babayeva məlumat verib ki, gölün altı membranla örtülüdür, bu isə zərərli maddələrin torpağa təmas etməsinə imkan vermir. Gölə tökülən sianid isə peroksid ilə zərərsizləşdirilir.
Qeyd olunub ki, nümunələr gölə tökülən sudan texniki su kimi istehsalatda yenidən istifadə etməyin mümkün olduğunu göstərir.
Komissiya üzvləri, həmçinin, ərazidə olan ehtiyat gölə də baxış keçiriblər.
Hazırda komissiya üzvlərinin Söyüdlü kəndinin sakinləri ilə görüş keçirir.
Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb.

Tehsil-press.az



Oxşar xəbərlər