“BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramı çərçivəsində görüş

“BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramı çərçivəsində görüş Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə reallaşdırılan “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramı çərçivəsində görüş keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Pedaqoji Universitetin Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov gəncləri layihə müddətində baş tutacaq fəaliyyətlərdə aktiv olmağa çağırıb.
“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Qərbi Azərbaycan İcmasının koordinatoru Sənan Əhmədov və tarixçi, pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti Heydər Cəfərov çıxışları zamanı tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində min illər boyu yaşayan soydaşlarımızın etnik mövcudluğuna son qoyulmasından söhbət açıblar. Qeyd olunub ki, Qərbi azərbaycanlıların mədəni irsinin məhv edilməsi ötən əsrdə Ermənistanda dövlət siyasəti səviyyəsində həyata keçirilib. Çıxış edənlər “Qərbi Azərbaycana qayıdış konsepsiyası”nın icrasında hər bir Azərbaycan gəncinin iştirakının vacibliyini vurğulayaraq, onları bu istiqamətdə səfərbər olmağa səsləyiblər.
Sonra “İrəli” İctimai Birliyinin baş katibi İlqar Axundov proqram çərçivəsində baş tutacaq fəaliyyətlərlə bağlı tələbələrə məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin növbəti mərhələlərində Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını gənclərə aşılamaq, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə düzgün və ətraflı şəkildə çatdırmaq məqsədilə təşəbbüs qruplarının yaradılması nəzərdə tutulur. Proqram çərçivəsində, həmçinin təşəbbüs qrupları tərəfindən Qərbi Azərbaycanın tarixi həqiqətlərini özündə ehtiva edən videoçarxların hazırlanması planlaşdırılır.
Qeyd edək ki, “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramının icrasında əsas məqsəd Qərbi Azərbaycan tarixinin, həqiqətlərinin təbliği və bu prosesdə yerli və beynəlxalq səviyyədə gənclərin iştirakçılığının artırılması, Qərbi Azərbaycanla bağlı multimedia, elektron resurs zənginliyinə nail olunması, eləcə də gənclər arasında tarixi torpaqlarımız haqqında məlumatlılığın artırılmasıdır.

Tehsil-press.az



Oxşar xəbərlər