“Qərbi Azərbaycanın tarixi arxiv sənədlərində” - BDU-da seminar

“Qərbi Azərbaycanın tarixi arxiv sənədlərində” - BDU-da seminar Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Qərbi Azərbaycanın tarixi arxiv sənədlərində” mövzusunda elmi seminar keçirilib.
Seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müdiri dosent Nadir İsmayılov mövzu ilə bağlı məruzə edib. N.İsmayılov bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra Qarabağa və Şərqi Zəngəzura böyük qayıdış başlayıb. O vurğulayıb ki, bütün bunlar tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışı da şərtləndirir. Ona görə də bu mövzuda daha geniş araşdırmalar aparılmalı, elmi-tədqiqat işləri yazılmalıdır.
N.İsmayılov qeyd edib ki, mövzunun öyrənilməsində müxtəlif qaynaqlardan, o cümlədən yerli, türk, rus, gürcü qaynaqlarından istifadə olunub.
Məruzədə tarixən Azərbaycan türklərinin yaşadığı Qərbi Azərbaycanın mahalları, həmçinin İrəvan xanlığı haqqında mövcud mənbələr diqqətə çatdırılıb, bölgənin tarixi, ərazisi, əhalisi, etnoqrafiyası, mədəniyyət abidələri ilə bağlı arxiv sənədləri, kitablar, qəzet və jurnal materialları, məcmuələr, internet resursları təqdim olunub.
Eyni zamanda, məşhur Şərq və Avropa səyyahlarının, tarixçilərinin əsərlərindən sitatlar verilib, tarixi faktlar, Qərbi Azərbaycana aid xəritələr nümayiş etdirilib. Soydaşlarımızın Qərbi Azərbaycandan dəfələrlə deportasiya edilməsi də arxiv sənədləri ilə şərh olunub.
Məruzəçi çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlərlə yekunlaşdırıb: “Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah”.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər