Qərbi Kaspi Universitetinin ikili diplom proqramı üzrə növbəti tədris ili sona çatıb

Qərbi Kaspi Universitetinin ikili diplom proqramı üzrə növbəti tədris ili sona çatıb Qərbi Kaspi Universitetinin İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə MBA proqramında əməkdaşlıq çərçivəsində həyata keçirdiyi ikili diplom proqramı üzrə növbəti tədris ili sona çatıb.
Proqram çərçivəsində təhsil alan magistrlər iyulun 9-da dissertasiya müdafiəsindən keçiblər. Tələbələr ikiillik təhsilin yekunu olaraq həm Qərbi Kaspi Universitetinin, həm də İsveçrənin UBIS Universitetinin diplomlarını əldə edəcəklər.
Bu tədris ilindən etibarən UBIS ilə birgə həyata keçirilən MBA proqramı ABŞ-ın Potomak Universiteti ilə əməkdaşlıq çərçivəsində bir qədər də genişləndirilərək üçlü diplom proqramına çevrilib. Universitetin ikili diplom proqramında təhsil alan tələbələri üç istiqamətdən (menecment, marketinq, bank işi və maliyyə) birini seçib, əlavə dörd fənn keçməklə üçüncü diplomu da əldə edəcəklər.
Qeyd edək ki, Qərbi Kaspi Universitetinin xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda “Erasmus+” və “Mövlanə” mübadilə proqramları çərçivəsində universitetin tələbələri Çexiya, Polşa, Latviya, Rumıniya, Türkiyə kimi ölkələrin aparıcı universitetlərində də təhsil ala bilirlər. Ümumiyyətlə, Qərbi Kaspi Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir.

Tehsil-press.az

Oxşar xəbərlər