Naxçıvan Dövlət Universitetinin SABAH qrupunun tələbələri üçün Duzdağ Müalicə Mərkəzində təcrübi dərs təşkil edilib

Naxçıvan Dövlət Universitetinin SABAH qrupunun tələbələri üçün Duzdağ Müalicə Mərkəzində təcrübi dərs təşkil edilib Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin II kurs SABAH qrupunun tələbələri üçün Duzdağ Müalicə Mərkəzində təcrübi dərs keçirilib. Naxçıvan Dövlət Universitetinin fizioterapiya və tibbi reabilitasiya fənninin müəllimi, Naxçıvan Mərkəzi Xəstəxanasının həkim reabilitoloqu İlahə Zeynalova "İqlimlə müalicə-aeroterapiya və aeroionoterapiya" mövzusunda tələbələrə dərs keçərək, Naxçıvan duzunun xəstəliklərin müalicəsində istifadəsi, fizioterapiyada üstünlükləri, göstəriş və əks-göstərişlər barədə ətraflı məlumat verib. Tələbələr Duzdağ Müalicə Mərkəzindəki palataları gəzərək, müalicə prosesi və mövcud şəraitlə tanış olublar.

Dərsdən sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev SABAH qrupunun tələbələri ilə görüşüb. Rektor tələbələrə Duzdağın tarixi haqqında maraqlı məlumatları diqqətə çatdırıb. Həmçinin, Duzdağın digər duz mədənlərindən üstünlükləri və Naxçıvan duzunun mineral tərkibinə görə Himalay duzundan sonra dünyada ikinci sırada yer aldığı vurğulanıb. Elbrus İsayev qeyd edib ki, bu kimi təcrübi dərslər tələbələrin nəzəri biliklərini praktiki mühitdə tətbiq etmələrinə şərait yaradır və onların gələcək ixtisaslarına dair dərin biliklər qazanmalarına mühüm töhfə verir.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Duzdağ Müalicə Mərkəzində gələcəkdə planlaşdırılan yeniliklər və inkişaf perspektivləri ilə bağlı məlumat verib. O, müalicə mərkəzində tibbi xidmətlərin keyfiyyətinin artırılması, yeni texnologiyaların tətbiqi və müasir standartlara uyğun infrastrukturun genişləndirilməsi istiqamətində görüləcək işləri qeyd edib. Həmçinin, tələbələr üçün müalicə və tədris imkanlarının daha da genişləndirilməsinin, onların praktiki biliklər əldə etməsi üçün lazımi şəraitin yaradılmasının prioritetlərdən biri olduğunu vurğulayıb.

Sonda rektor tələbələrlə çay süfrəsi ətrafında səmimi söhbət edərək, onların təklif və təəssüratlarını dinləyib.

Tehsil-press.az


Oxşar xəbərlər