Bilirsənmi, Salatın, oxumaq yaxşı şeydir. Adam çox şey öyrənir. Xasiyyəti də dəyişir. Mən oxumuş qızlar görmüşəm. Onların paltarları da qəşəngdir, özləri də. Danışanda adam qulaq asmaqdan doymur. Əgər bizim qızlar oxusalar, onlardan da gözəl olarlar...
"Quşlar" şeirindən "Ölən dünyam" romanınadək uzanan böyük bir yaradıcılıq yolu... Bu gün klassik Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, tanınmış ədəbiyyatşünas, pedaqoq, ictimai-siyasi xadim, filologiya elmləri namizədi, xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdür.
İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. İbtidai təhsilini Kosalar kənd məktəbində aldıqdan sonra 1933-cü ildə Qazax pedaqoji texnikumuna daxil olub.
1936-cı ildə texnikumu bitirib, bir il Kosalar kənd tam orta məktəbində baş dəstə rəhbəri və müəllim işləyib. 1937-1941-ci illlərdə təhsilini Azərbaycan dövlət Pedaqoji üniversitetinin dil və ədəbiyyat fakültəsində davam etdirib.
1941-1942-ci illərdə Kosalar kəndində dərs hissə müdiri kimi çalışıb.
Yazıçı ikinci dünya müharibəsi dövründə Sovet ordusunun tərkibində sıravi əsgər kimi ön cəbhələrdə - Şimali Qafqazda, Krımda, III Belarusiya cəbhəsində, Şərqi Prussiya istiqamətində düşmənə qarşı döyüşlərdə iştirak edib.
Ordudan tərxis edildikdən sonra 6 ay yenidən Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib.
1946-1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin filologiya fakültəsinin aspirantı olub, müəllim, baş müəllim, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri kimi fəaliyyət göstərib.
1965-1968-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1976-1978-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1981-1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi olub. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının Sədri seçilib.
O, həmçinin fəal ictimai fəaliyyət göstərib. Müxtəlif illərdə Bakı zəhmətkeş deputatları Sovetinin deputatı, Azərbaycan KP Bakı şəhər komitəsinin üzvü,, Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin üzvü, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilib. 1976-cı ildə xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyəti xəttilə Almaniya Demokratik Respublikasına, 1982-ci ildə Almaniya Federativ Respublikasına göndərilən Sovet nümayəndə heyətinin tərkibində yer alıb.
Müstəqillik illərində milli-azadlıq hərəkatının önündə gedən ziyalılardan biri olub, milli özünüdərkin formalaşmasında müstəsna rolu olub. 20 yanvar, erməni təcavüzü faktorlarına qarşı SSRİ rəhbərliyi qarşısında barışmaz və üsyankar mövqe sərgiləməklə tarixə düşüb.
Haqsızlıqlarla barışmayan, heç bir ideologiyanı şəxsiyyətindən ucaya qaldırmayan, cəsarətli, sözübütöv, mərd bir insan olub İsmayıl Şıxlı. Belələrini tarix yüz ildə bir dəfə yetişdirir.
İsmayıl Şıxlı xidmətlərinə görə müxtəlif orden və medallarla təltif edilib.
O, "Qızıl Ulduz", "Şərəf nişanı", “Qırmızı əmək bayrağı”, II dərəcəli “İkinci Dünya müharibəsi” orden və medallarına, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına, Azərbaycan Respubliksasının "Şöhrət" ordeninə və "Xalq yazıçısı" fəxri adın layiq görülüb.
İsmayıl Şıxlının ilk mətbu əsəri olan "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub.
Yazıçı həmin gün: "Mən həm sevinirəm, həm də kədərlənirəm. Sevinirrəm, nəhayət, şeirim çıxdı. Kədərlənirəm ki, bir də şeir yazmayacağam..." söyləyib və sonrakı yaradıcılığını nəsrə bağlayıb.
Bundan sonra o, ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə gəlib.
İsmayıl Şıxlı "Konserv qutuları", "Səhəri gözləyirdik", "Kerç sularında", "Haralısan ay oğlan?", "Mənim rəqibim" kimi hekayələri, "Cəhbhə yolları" sənədli povesti, Azərbaycan ədəbiyyatının uğuru hesab edilən "Ayrılan yollar", Azərbaycan ədəbiyyatında roman janrının ən uğurlu nümunələrindən sayılan "Dəli Kür", müasir nəsrimizdə yeni hadisə kimi qələmə verilən "Ölən dünyam" kimi bənzərsiz əsərlər qələmə alıb.
Yazıçı ona böyük şöhrət gətirmiş "Dəli Kür" romanını 8 ilə yazıb.
1969-cu ildə Hüseyn Seyidzadənin rejisorluğu ilə roman əsasında eyni adlı film çəkilib. Moskva filmin finalındakı Cahandar ağanın ölüm səhnəsini dəyişməyi tələb edib. Operator assistenti kəsilərək atılan səhnəni götürüb saxlayıb və müstəqillik illərində filmin finalı yenidən bərpa olunub.
"Dəli Kür" əsəri yazıçıya böyük şöhrət gətirməklə yanaşı həmçinin, Sovet ideologiyasının kəskin olduğu bir dövrdə Cahandar ağa kimi milli, ziddiyyətli bəy obrazı geniş əks-sədaya səbəb olub.
O, son romanı olan "Ölən dünyam" əsərini xəstə olduğu üçün özü yaza bilmədiyindən əsəri onun diqtəsi ilə həyat yoldaşı Ümidə xanım qələmə alıb.
Əsəri bitirdikdən sonra: "İndi rahat ölə bilərəm" söyləyən yazıçı tam 5 ay sonra 1995-ci il iyul ayının 26-da dünyasını dəyişib və fəxri xiyabanda dəfn olunub.
Həqiqətən də, elə insanlar var ki, ölümlərindən sonra da, əbədi olaraq yaşayırlar.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
Tehsil-press.az