
Maraqlıdır, bəs, eksternat imtahan nədir və o, necə həyata keçirilir?
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi cavablayıb.
Bildirilib ki, eksternat imtahanlar "Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar"a uyğun olaraq həyata keçirilir:
“Bu formanın tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi (ümumi orta və ya tam orta təhsil haqqında attestat) almaq üçün şərait yaratmaq məqsədi daşıyır”.
Eksternat təhsilin qaydalarına gəlincə, agentlikdən bildirilib ki, qaydalara əsasən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin isə yaşı 18-dən aşağı olmamalıdır:
“Eksternat imtahanlarla bağlı sənəd qəbulu hər il noyabr-dekabr aylarında, aralıq imtahanları isə yanvar ayının sonlarında təşkil olunur. Aralıq imtahanlarından uğur əldə etmiş şəxslər, DİM-in buraxılış imtahanlarında iştirak edərək təhsil sənədi almaq şansı qazanırlar”.
Məlumatda bu il sözügedən formada imtahan verənlərin sayı da açıqlanıb:
“Bu ilki imtahanlarda Bakı şəhəri və regionlar üzrə ümumilikdə 6 minə yaxın şəxs müraciət edib, onlardan 4959 nəfəri uğurlu nəticə əldə edib”.
Qeyd edək ki, eksternat təhsilalma forması ölkəmizdə 2009-cu ildən tətbiq olunur.
Eksternat təhsildə şagirdlər orta ümumtəhsil məktəblərində musiqi, rəsm kimi fənlər istisna olunmaqla tədris olunan fənlərdən imtahan verirlər.
Hər fənn üzrə 10 sual müəyyənləşdirilir. İlk mərhələdə 6 fəndən - Ana dili, ədəbiyyat, riyaziyyat, kimya, fizika, informatikadan imtahan verilir. Rus bölməsi əlavə olaraq Azərbaycan dilindən imtahan verir. Daha sonra isə digər 8 imtahan verilir”.
Tehsil-press.az