
Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Şuranın sədri vəzifəsinə təyin olunub.
Cəmil Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə bitirib.
1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib.
2006–2013-cü illərdə Azərbaycan Dövlət Film Fondunun direktoru, 2011–2013-cü illərdə “Mədəniyyət” kanalına, 2013–2018-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinə rəhbərlik edib. O, eyni zamanda bir müddət Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi işləyib.
2018–2019-cu illərdə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri olub. 2019–2020-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb. 2020-ci ildən Azərbaycan Dövlət Film Fondunun direktorudur.
2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına, 2018-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
Tehsil-press.az