
Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin məlumatına görə, sertifikasiyanın test imtahanı mərhələsi 18, 20, 24 və 25 iyun tarixlərində təşkil olunacaq. Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar portal.edu.az platformasında qeydiyyatdan keçən müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Qeyd edək ki, bu il təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.
Müəllimlərin sertifikasiyası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş Qaydalar əsasında keçirilir.
“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasının məqsədi müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasıdır.
Qaydalara görə, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçməlidirlər.
Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:
- hamilə qadınlar;
- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
- ilk dəfə işə qəbul olunanlar, 3 il müddətində;
- azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
Sertifikatlaşdırma Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
Sertifikatlaşdırmanın təşkili məqsədilə Nazirlik tərəfindən sədr daxil olmaqla 7 üzvdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılır.
Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. Sertifikatlaşdırmanın keçirilmə yerini, vaxtını və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisasları Nazirlik müəyyən edir.
Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edir.
Qeydiyyatdan keçmiş hər bir müəllim Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemində “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir.
Sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir.
Test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 sual təqdim edilir.
Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Test mərhələsində hər bir suala düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir.
Sertifikatlaşdırmanın test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın ikinci - müsahibə mərhələsinə buraxılırlar.
Müsahibə mərhələsində hər bir təhsilverənə 20 dəqiqə vaxt ayrılır. Müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında maksimum 40 balla qiymətləndirilir:
- proqram üzrə mövzunu təqdimetmə bacarığı;
- təhsilalanları qiymətləndirmə bacarığı
- özünü təqdimetmə bacarığı;
- pedaqoji prosesi təşkiletmə bacarığı;
- ünsiyyət bacarığı.
Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir. Sertifikatlaşdırmanın test və müsahibə mərhələsində minimal balları toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunurlar.
Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər.
Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə (65 yaş) qədər məşğul olmaq hüququ əldə edirlər.
Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.
Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
Təkrar sertifikatlaşdırmadan kəsilən müəllimlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sertifikatlaşdırmanın test imtahanı mərhələsində 51-60 bal nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını (30 bal) toplayan və 50 baladək nəticə (30-50) göstərən müəllimlərin vəzifə maaşına isə 10 faiz aylıq əlavə edilir.
Tehsil-press.az