Bu gün Naxçıvanda təhsilverənlərin növbəti sertifikatlaşdırılma prosesi keçirilir

Bu gün Naxçıvanda təhsilverənlərin növbəti sertifikatlaşdırılma prosesi keçirilir Iyunun 24-də ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən xarici dil (rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilir.

İmtahanda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən də həmin fənlər üzrə 215 müəllim iştirak edir.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov imtahan mərkəzinə gəlib, müəllimlərə uğurlar arzulayıb və sertifikatlaşdırma imtahanlarının gedişini izləyib.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan ediləcək. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.

Məlumat üçün bildirək ki, 21- 22 iyun tarixlərində riyaziyyat və ingilis dili fənləri üzrə keçirilən sertifikatlaşdırma imtahanlarında 151 müəllim iştirak etmiş, onlardan 86-sı 51 və ya daha yüksək nəticə (57 faiz) göstərmişdir. 2 müəllim isə maksimum (60 bal) toplamışdır.

Tehsil-press.az

Oxşar xəbərlər