Fizika fənni TƏHLÜKƏDƏ: "Müəllimlər hazırlıqsız sertifikasiyaya gedir”

Fizika fənni TƏHLÜKƏDƏ: "Hazırda yüzlərlə məktəbdə laborator avadanlıqlar yoxdur. Belə olan halda müəllimlər praktiki deyil, yalnız nəzəri biliklərlə imtahana girirlər və bu, qiymətləndirmənin obyektivliyini sual altına salır".

Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov AzEdu.az-a açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, bu proses hazırda Azərbaycan təhsil sistemində həm diaqnostik, həm də strateji idarəetmə funksiyası daşısa da, mövcud tətbiq forması bir sıra problemlər doğurur.

"Fizika fənni texnologiya və mühəndislik sahələrinin təməlini təşkil etdiyindən bu sahədə müəllim hazırlığı xüsusi əhəmiyyət daşıyır. Lakin statistik göstəricilər vəziyyətin narahatedici olduğunu göstərir. 2022-ci ildə fizika müəllimlərinin cəmi 38 faizi diaqnostik qiymətləndirmədən keçid balını toplaya bilmişdi. Bu, digər fənlərlə müqayisədə ən aşağı göstəricidir.

Ali məktəblərdə fizika müəllimliyi ixtisasına marağın azalması, qəbul balının ildən-ilə aşağı düşməsi və laborator mühitin zəifliyi bu nəticələrə təsir edən əsas amillərdəndir. Hazırda yüzlərlə məktəbdə laborator avadanlıqlar yoxdur. Belə olan halda müəllimlər praktiki deyil, yalnız nəzəri biliklərlə imtahana girirlər və bu, qiymətləndirmənin obyektivliyini sual altına salır. 30 bal toplayan müəllimin dərs saatlarının azaldılması və maaşının kəskin endirilməsi onun sistemdən uzaqlaşdırılması deməkdir. Bu isə fizika müəllimi çatışmazlığı problemini daha da dərinləşdirir. Hazırda ölkədə bu fənn üzrə 700-dən çox vakansiya mövcuddur”.

Ekspert hesab edir ki, sertifikasiya inkişafı təşviq edən alətə çevrilməlidir:

“Bu proses müəllimlərin sistemdən çıxarılması üçün yox, onların bilik və bacarıqlarının artırılması üçün istifadə olunmalıdır. Nəticələrə əsaslanaraq fərdi təlim paketləri hazırlanmalı, metodik bazalar yenilənməli və laborator mühit yaradılmalıdır".

Kamran Əsədov dünya təcrübəsinə istinadla vurğulayaraq Finlandiya və ABŞ kimi ölkələrdə müəllimlərin qiymətləndirilməsinin təkcə testlə deyil, praktiki bacarıqlarla da aparıldığını, nəticələrin inkişaf məqsədilə istifadə olunduğunu bildirib:

"Azərbaycanda isə bu model daha çox inzibati xarakter daşıyır. Əgər dəyişikliklər həyata keçirilməsə, yaxın illərdə fizika fənni ya formal şəkildə keçiriləcək, ya da ümumiyyətlə tədris olunmayacaq. Bu isə nə milli inkişaf strategiyasına, nə də əmək bazarının tələblərinə uyğun gəlir”.

Tehsil-press.az

Oxşar xəbərlər