Bu barədə The Conversation nəşrinə biotibb elmləri üzrə eksperti professor Castin Stebbinq danışıb.
Alimin sözlərinə görə, D vitamini “günəş işığı vitamini” kimi tanınır. Amma bu maddəni yalnız günəşdən deyil, həm də qida əlavələrindən və yağlı balıq, qırmızı ət, yumurta sarısı kimi məhsullardan da almaq mümkündür. Elmi olaraq sübut olunub ki, D vitamini sümüklərin, dişlərin, sinir və əzələ sisteminin, eləcə də immun sisteminin sağlamlığı üçün vacibdir.
Professor Stebbinq qeyd edib ki, laborator araşdırmalar D vitamininin toxumalarda iltihabla mübarizədə və hüceyrə böyüməsinin tənzimlənməsində mühüm rol oynadığını göstərib. Əvvəlki tədqiqatlar da göstərib ki, orqanizmində normal D vitamini səviyyəsi olan insanlarda bağırsaq xərçəngi riski xeyli aşağıdır.
Bununla belə, alim vurğulayıb ki, D vitamininin xərçənglə birbaşa mübarizə aparma qabiliyyəti barədə danışmaq hələ tezdir. Bu, araşdırmalarla tam təsdiqlənməyib. Xərçəngin qarşısının alınmasında isə sağlam həyat tərzi - fiziki aktivlik, balanslı qidalanma və zərərli vərdişlərin olmaması daha böyük rol oynayır.
Tehsil-press.az