Elşad Miri: “İslamda içki verilən məclisdə iştirak etməyin haramlığından bəhs edilmir, içməyin haram olduğu bildirilir”

Elşad Miri: “İslamda içki verilən məclisdə iştirak etməyin haramlığından bəhs edilmir, içməyin haram olduğu bildirilir” Dinşünas Elşad Miri siyasi şərhçi Elçin Alıoğlunun oğlunun toy məclisində içki verilən masada əyləşməsinə görə tənqid edilməsinə, İslam dinində musiqi, içki olan məclislərin haram olması barədə iddialara münasibət bildirib.

E.Miri açıqlamasında deyib ki, dəvət edildiyi toylara hər zaman gedir.

“Səfərdə oluramsa, gec deyilərsə, iştirak edə bilmədiklərim də olub. Bircə dəfə dəvət edilmədiyim toya getmişəm. Toy sahibi ilə aramızda inciklik olduğu üçün məni dəvət etməmişdi. Amma ailəlikcə toyda iştirak edib, həmin adamın şad günündə yanında olmuşam. Elçin Alıoğlunun oğlunun toyunda iştirak etməmək hörmətsizlik olardı. Çünki ilk yazılarımı, mətbuatda ilk addımlarımı Elçin müəllimin yanında atmışam.

Oğlu da bizim mütəmadi oxucularımızdan, izləyicilərimizdən olduğu üçün fəxrlə bu şad günündə iştirak etmişəm. İndi gələk məsələnin üçüncü tərəfinə. Musiqi dinimizə görə haram deyil. Sadəcə, akustika ilə əlaqəli olaraq səs mənfi təsir edəndə qulaqcıqdan istifadə edirəm. İçkili toyda iştirak məsələsinə gələk. Heç vaxt dəvət edən insanlardan toyun içkili olub-olmadığını soruşmuram. Çünki İslamda içki verilən məclisdə iştirak etməyin haramlığından bəhs edilmir, içməyin haram olduğu bildirilir.

Bundan başqa, “Qurani-Kərim”in 4-cü surəsi olan “Nisa” surəsinin 140-cı ayəsində Allahın ayələrinin inkar edildiyi və onlara istehza olunduğu bir yerdə oturmamaq əmr edilir. Bu söhbəti dayandırdıqları təqdirdə yenə də orada oturmaq qadağan edilmir. Sonra xeyli vaxtdır, görüşmədiyimiz insanlarla bir araya gəlib, foyedə də dindən söhbət etdik və maraqlı müzakirələr apardıq. Hətta söhbətimizə qoşulan insanlar da oldu. Əsas məsələ yetər ki, toylarımız çox olsun. İnsanlarımızın şadlığına yığışaq. İnsanımızın bədbinliyə deyil, pozitivliyə ehtiyacı var. Nikbin olmaq lazımdır”, - dinşünas qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər