Qəbul imtahanında suallar çətin olub? - DİM aydınlıq gətirdi

Qəbul imtahanında suallar çətin olub? - DİM aydınlıq gətirdi Ötən gün Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Həm şagirdlər, müəllimlər, həm də təhsil ekspertləri imtahanda coğrafiya və tarix fənləri üzrə sualların çətin olması ilə bağlı fikirlər irəli sürüblər.

Binəqədi rayonundakı 248 nömrəli tam orta məktəbdə keçirilən imtahan prosesindən hazırladığı reportajda da abituriyentlərin bəziləri coğrafiya və tarix fənnindən düşən sualların mürəkkəbliyindən şikayətləniblər.

Doğurdanmı suallar çətin olub?

"Heç kəs konkret fikir söyləyə bilməz"

Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib ki, hazırda yekun imtahan nəticələri elan olunmayıb. Ona görə də heç kəs konkret fikir söyləyə bilməz. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir.

Bildirilib ki, qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır – bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış qəbul proqramlarıdır. İmtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır.

Qeyd olunub ki, dünən imtahandan dərhal sonra bütün tapşırıqlar və onların izahı, düzgün cavablar ictimaiyyətə təqdim olunub.

"İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (II ixtisas qrupu, III ixtisas qrupu), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilib. Bütün bunlar imtahanının məzmununun ictmaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir".

"Bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər"

Tapşırıqların mürəkkəblik dərəcəsi ilə bağlı DİM-dən bildirilib ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik şagirdləri bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir. Həmçinin imtahanın çətin olması isə nisbi bir məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər.

"Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanı seçmə və yerləşdirmə məqsədi ilə keçirilir. Bu prosesdə müxtəlif hazırlıq səviyyəsinə malik on minlərlə abituriyent iştirak edir. Məhz bu fərqlilikləri ortaya çıxarmaq və abituriyentlər arasında seçim edə bilmək üçün imtahanda mürəkkəblik dərəcəsi asan, orta və çətin tipli test tapşırıqlarından istifadə edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur.

Hazırda yekun imtahan nəticələri elan olunmayıb. Ona görə də heç kəs konkret fikir söyləyə bilməz. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər həmişə ictimaiyyətə təqdim olunur. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur".

Tehsil-press.az

Oxşar xəbərlər