Səddam Hüseyn rejimindən qaçmış kərküklü şair – Onu Zeynəb Xanlarova ilə NƏ BAĞLAYIR? – MÜSAHİBƏ

Səddam Hüseyn rejimindən qaçmış kərküklü şair – Onu Zeynəb Xanlarova ilə NƏ BAĞLAYIR? – MÜSAHİBƏ İraq türkmanları, Kərkük mədəniyyəti türk dünyasının ayrılmaz bir hissəsidir. İraq türkmanları yaşadıqları ölkədə daim təzyiqlərə məruz qalmasına baxmayaraq öz tarixi köklərinə, türk dilinin, ədəbiyyatının, milli kimliyinin qorunub saxlamasına həmişə nail olublar.

Bu cür ağır tarixi və siyasi şərtlər altında olsalar da, İraq türkmanları arasından görkəmli şairlər, mədəniyyət xadimləriçıxıb. Buna misal olaraq yaradıcılığı Azərbaycanda da çox sevilən şairlərdən Əbdüllətif Bəndəroğlunu və Əta Tərzibaşını, müğənni, publisist Sinan Səidi göstərmək olar. Azərbaycan türkləri bu adlarla Kərkük elini sevib, özünə doğma bilib.

Bugünkü həmsöhbətimiz də türkman əsilli, türk köklərinə bağlı olan şair Əli Yağmuroğludur.

Əli Yağmuroğlu 1954-cü ildə İraqın Kərkük şəhəri yaxınlığında anadan olub. İlk təhsilini Kərkükdə alıb, hərbi xidmətdən sonra 1978-1994-cü illərdə şəhərin elektrik sahəsində məmur olaraq çalışıb. Elə həmin illərdə də ədəbiyyata olan böyük marağı onu poeziyaya gətirib.

Bizim.Media-ya müsahibəsində şair öz yaradıcılığından, türkmanların İraqdakı çətin həyatından danışıb:

Səddam Hüseyni tənqid etdiyinə görə kitabı nəşr olunmadı

– Mənim ədəbiyyata marağım sadəcə oxuduğum kitablardan irəli gəlmirdi. Dədə-babam Bektaşi təriqətindən olub. Bilirsiniz ki, bu təriqətin nümayəndələri arasında dərvişlər, ozanlar çox olub, sözə, onun hikmətinə dəyər veriblər. Biz Təkkə (sufi dərvişlərin toplaşdığı yer – məclis) sahibi olmuşuq. Orda dədə-babalarım heç bir məktəb, təhsil görmədən Füzulinin qəzəllərini oxuyar, həm də təhlil edərdilər. Mən uşaqkən onları böyük maraqla dinləyərdim bu da mənim ədəbiyyata gəlməyimə çox böyük təsir etdi. Yazmağa başladım. Ta ki qələmimə güvənənə qədər daha istedadlı insanlara, böyüklərə öz şeirlərimi göstərirdim. Bundan sonra bir çox şeirlərimi dərc etdirməyə başladım. Kitabımı hazırladım, nəşriyyatda hazırlıq mərhələsindəykən Səddam Hüseyn rejiminin təzyiqinə məruz qaldım.

– Təzyiqlər sırf qələm əhlinə idi, yoxsa ümumi olaraq qeyri-ərəblər sıxışdırılırdı?

– Çox sıxışdırılırdıq. Kitabımın nəşrinin dayandırılması məhz müxalifət radiosunda səsləndirdiyim “Kərkük” şeirinə görə idi. Bu şeirimdə mən Səddam rejiminə etirazımı bildirmişdim, Kərkük türklərinin yaşadıqları çətinlikləri, narahatlıqları, basqıları göstərmişdim. Aydın gün, gələcək görməyən Kərkükün dərdlərindən yazmaq təbii ki, sərt siyasi rejimin xoşuna gəlmədi.

Qapılar qapanmış, qırıq pəncərə,

Hər yerini sarmış duman Kərküküm.

Xaşlandıq eşqinlə buğulu pəncərə

Aydınlıq şimşəyi güman Kərküküm.

– Ümumiyyətlə həmin dövrlərdə türkmanlar İraqda siyasi-mədəni proseslərdə iştirak edə bilirdilərmi?

– Sırf türkmanları ərəbləşdirmək siyasəti güdürdülər. Təsəvvür edin, güneydəki bütün ərəbləri gətirib Kərkükə tökmüşdülər. Onlara təxminən 35 min dollar pul verilmişdi ki, Kərkükdə ev alıb, iş qurub yaşasınlar. Məqsəd bölgədəki türklərin sayının azaldılması, ərəb əhalinin sayca üstünlük təşkil etməsinə nail olmaq idi. Halbuki həmin dövrlərdə Kərkükdə nə ərəb, nə kürd vardı. Çox az sayda xristianlar yaşayırdı.

– Bəs belə bir təzyiq altında türkmanlar öz türkcəsini, milli-mənəvi dəyərlərini necə qoruyub saxlayırdılar?

– Bu millətin böyüklüyü də elə bundadır. Heç bir məktəbi olmadan öz dilini qorumağı, bu dilin yaradıcılıq nümunələrini gələcək nəsillərə ötürməyi çətin də olsa bacarırdılar. Kərkük türkcəsi eynilə Azərbaycan dilidir, xüsusən Təbriz şivəsinə çox yaxındır. Gizli nəşrlərimiz, radiolarımız olurdu. Azərbaycanı da elə radioalar vasitəsilə tanıdıq. Gözümüzü açdıq, Zeynəb Xanlarovanı gördük.

Maraqlıdır ki, İraqda hər nə qədər türk dünyasına düşmən münasibət olsa da, Zeynəb Xanlarovanın mahnılarını hətta rəsmi İraq televiziya radiolarından da dinləmək olurdu. Hər həftə demək olar ki, qulaq asardıq. Dünya musiqiləri proqramında verilirdi, bəlkə də onun türk olduğunu bilmirdilər, eləcə sovet vətəndaşı kimi təqdim edirdilər. Hər halda ona yasaq yox idi.

İlk dəfə canlı olaraq Azərbaycan türklərini 1994-cü ildə İraqa gəlmiş heyət vasitəsilə tanıdıq. O heyətin içində dilçi alim Qəzənfər Paşayev, şairlər Sabir Rüstəmxanlı, Vaqif Səmədoğlu, xanəndə Mələkxanım Əyyubova və ədəbiyyatşünas Həmid Araslının qızı vardı. Təxminən 30 nəfərlik heyət idi. Onlarla Bağdadda görüşdük.

Təbii ki, hökumət bizi sayıb dəvət etməmişdi. Öz təşəbbüsümüzlə gəlmişdik. Qaldıqları öteli öyrənib görüşə getdik. Daha doğrusu özümüz də o oteldə qalırdıq ki, niyyətimiz bilinməsin, qorxa-qorxa görüşmüşdük.

“Sonrakı hakimiyyət Səddamın dövründəkindən daha betər oldu”

– Bəs bu cür məhdudiyyətlər varkən İraqdan necə çıxa bildiniz? Hər hansı çətinliklə qarşılaşmadınızmı?

– Azərbaycan heyətini Kərbalaya aparmışdıq. Ordan da Kərkükə gətirdik. Kərkükdə bir mədəniyyət festivalı keçirtdik ki, bu günə qədər də haqqında danışılır, xatirələrdən silinməyib. Elə həmin görüşlərdə Vaqif Səmədoğluya dedim ki, Azərbaycana gəlmək istəyirəm. Təklif etdi ki, ki, sən əvvəlcə İstanbula gəl, ordan səni Azərbaycana keçirərik. 1994-cü ildə İstanbula gəldim və o şəhərə necə bağlandımsa, bir daha ordan çıxmaq istəmədim. Türkiyədə yaşadığım müddətdə “Sevgi çəmbəri” adlı ilk kitabım çıxdı. Bundan başqa üç kitabım da nəşriyyatdadır.

– Hazırda Kərküklə əlaqələriniz nə yerdədir? Əvvəlki təzyiqlər qalırmı?

– Səddam Hüseyndən sonra qurulan yeni hakimiyyətin də basqıları bitmədi. Hətta deyərdim ki, sonrakı hakimiyyət Səddamın dövründəkindən daha betər oldu. Bir ədəbiyyat adamı olaraq siyasi məsələlərə qarışmaq istəmirəm. Amma bu hazırki durum sırf siyasi məsələlərdən qaynaqlanır. ABŞ Türkiyə hərbçilərinin İraqa girməsini istəyirdi, amma Türkiyə razılaşmırdı, buna görə də Amerika bizə təzyiq edirdi. Hazırda Kərkükdə əhalinin sayı 750 mindən 1 milyon 800 minə çatıb. İran, Türkiyə, Quzey İraq və Suriya kürdləri hamısı Kərkük əhalisi siyahısına alınıb.

– İraq türkmanları başqa ölkələrlə mədəni-ədəbi əlaqələr qura bilirmi?

– Heç bir siyasi-ictimai müstəvidə etibarımız yoxdur. Bizə o haqqı vermirlər. Amma əlaqələr qura, əməkdaşlıq edə bilirik. Sadəcə hökumət səviyyəsində edə bilmirik. Şəxsi təsəbbüs olaraq qalır. Məsələn məni Azərbaycana dəvət edirlər. Hörmətlə qarışılayırlar. Ancaq biz bu hörmətin qarşılığını verə bilmirik. Necə deyərlər, xəcalətli qalırıq. Dövlətin dəstəyi yoxdur. Bu işləri görəcək hökümətimiz də yoxdur. Müraciət etsək də şəhər valisi qəbul etmədi. Ona görə də beynəlxalq münasibətlər təktərəflidir. Halbuki iki qardaş kərkük-Azərbaycan türkləri daha sıx görüşə, əməkdaşlıq qura bilərlər. Məni bura çox dəvət ediblər. İşğaldan azad olunmuş torpaqları gəzmişəm. Biz türkmanlar şair Füzulinin qəzəlləri ilə böyüyürük, ilhamlanırıq. Böyük Füzulinin adını daşıyan Füzuli rayonunu görüncə həm sevindim, həm də yerlə birolmuş evləri görüb çox kədərləndim. Amma ən çox qardaş Azərbaycanın qurduğu belə bir nüfuzlu dövlətin olması məni qürurlandırdı.

Tehsil-press.az

Oxşar xəbərlər