
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılaraq ölkəmizin narazı qaldığı məsələlər sadalanıb. Xarici işlər nazirinin müavini Araz Əzimovla baş tutan görüşdə Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz qarşı tərəfin diqqətinə çatdırılıb.
Ən əvvəl Yekaterinburq şəhərində azərbaycanlılara qarşı zorakılıq və iki həmvətənimizin həlak olması ilə bağlı Rusiyanın izahatının onların üzərində olan kəskin zorakılıq izləri və ekspertiza rəyi ilə ziddiyyət təşkil etdiyi bildirilib. Reydlərlə bağlı Rusiya mediasında etnik dözümsüzlük təzahürlərinin müşahidə olunduğu, azərbaycanlılara münasibətdə “etnik cinayətkar qrup” kimi ifadələrdən istifadənin qəbuledilməz olduğu vurğulanıb.
Rusiya hüquq-mühafizə orqanları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Rusiya tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılacağını və günahkarların cəzalandırılacağını gözlədiyimiz bir daha diqqətə çatdırılıb. Bununla bağlı Azərbaycan tərəfinin mövqeyinin Rusiyanın daxili işlərinə müdaxilə kimi qələmə verilməsinin əsassız olduğu qeyd edilib.
Azərbaycan tərəfindən “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı Rusiya tərəfinin iradlarının əsassız olduğu bildirilib. “Sputnik-Azərbaycan”a münasibətdə görülən tədbirlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirildiyi və hazırda istintaq tədbirlərinin davam etdiyi qeyd olunub.
Hələ ötən ilin sonundan münasibətlərə mənfi təsir edən Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra zəruri müvafiq tədbirlərin görülməməsinin və real vəziyyətin təhrif edilməsi cəhdlərinin, eləcə də Rusiya mediasında bir sıra rəsmi şəxslər və media nümayəndələri vasitəsilə ölkəmizə qarşı dezinformasiya kampaniyasının aparılmasının qəbuledilməz olduğu bildirilib.
Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Görüşdə həmçinin son 4-5 ay ərzində Rusiyanın ictimai-siyasi nümayəndələri və media qurumları tərəfindən ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı bəyanat və çıxışlarının ikitərəfli münasibətlərə mənfi təsir edən amillər sırasında olduğu qeyd edilib.
Rusiya ölkələrimiz arasında ikitərəfli münasibətlərdə gərginliyin və mənfi əhval-ruhiyyənin aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görməyə çağırılıb. Yəni Bakı narazı qaldığı məsələləri konkretləşdirdi və cavab gözləyir. Moskvanın addımları nə ola bilər?
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan hakimiyyətinə müraciət edərək strateji müttəfiqlik münasibətlərinə qayıtmağa çağırıb və onu da deyib ki, mövcud problemləri diplomatik vasitələrlə aradan qaldırmaq mümkündür: “Yəni əslinə qalsa Rusiya hakimiyyətinin son aylarda yaranmış problemləri aradan qaldırmaq üçün addımlar atmaq istəyini ortaya qoyub. Bu bəyanatdan sonra Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərliyi də Rusiyanın Azərbaycandakı səfirini dəvət edib Azərbaycanın tələblərini ona çatdırıb. Azərbaycanın hansı məsələlərdən narazı qaldığı, hansı məsələlərlə bağlı Rusiyadan tədbir görülməsini gözlədiyi açıq bəyan edilib. Təyyarənin vurulmasına görə təzminat ödənilməsi, günahkarların cəzalandırılması, üzr istənilməsi, Yekaterinburqda azərbaycanlıları qətlə yetirənlərlə bağlı qanuni tədbir görülməsi, azərbaycanlılara qarşı təqiblərin dayandırılması, Rusiya mediası və siyasətçiləri tərəfindən Azərbaycana qarşı böhtan kampaniyasının qarşısının alınması. Bir tərəfdən Rusiya Azərbaycanla strateji müttəfiqlik birgə fəaliyyəti haqqında mesaj verir, digər tərəfdən, hakim partiyanın nümayəndələri Azərbaycan əleyhinə bəyanatlar verirlər, şər-böhtan yağdırırlar. Baxmayaraq ki, Vahid Rusiya Partiyasının deputatlara və rəsmi şəxslərə ünvanlanmış direktiv sənədi var. Orada açıq şəkildə göstərilir ki, yalnız hakim partiyanın mövqeyini əks etdirən bəyanatlar səsləndirilə bilər, bu mövqeyə zidd bəyanatların səsləndirilməsi yolverilməzdir. Ancaq hakim partiyanın parlamentdə təmsilçilərindən olan Konstantin Zatulin Azərbaycana qarşı ağzına gələni danışır. Belə çıxır ki, onun söylədikləri Rusiya hakimiyyətinin, hakim partiyanın mövqeyidir. Əgər belədirsə, onda hansı müttəfiqlikdən danışmaq olar”.
Ekspert qeyd etdi ki, bu cür bəyanatları təkcə Zatulin deyil, digərləri də parlamentdə dəfələrlə səsləndiriblər. Vahid Rusiya Partiyasına dəfələrlə Bakıdan müraciət olunmasına baxmayaraq, heç bir tədbir görülməyib: “Əgər həqiqətən də Mariya Zaxarovanın söylədiyi kimi, Rusiya hakimiyyəti strateji müttəfiqlik münasibətlərinə qayıtmaq istəyirsə, birincisi bu münasibətlərə zidd addımlar atmamalıdır, özlərini normal müttəfiq kimi aparmalıdır və müstəqil dövlətlərə hörmətlə yanaşmağı nəhayət öyrənməyə cəhd göstərməlidir. Bu addımlardan sonra Rusiya necə davranacaq? Mariya Zaxarovanın söylədiklərinə baxmayaraq, mən yenə də Rusiya hakimiyyətinin əvvəllər olduğu kimi susmaq xəttini seçəcəyini və hər şeyin öz-özünə aradan qalxacağını düşünəcəyini güman edirəm. Rusiya beynəlxalq hüquqa uyğun tələbləri demək olar ki, eşitməməzlikdən gəlir. Azərbaycanın etiraz addımlarından nəticə çıxardıb tələblərimizə diqqətlə yanaşmaq əvəzinə Yekaterinburqda azərbaycanlılara qarşı vəhşiliklər törədildi. Çox güman ki, Rusiya yenə də eyni davranışı seçəcək, tələblərimizə susqunluqla yanaşacaq”.
Bununla belə, A.Səmədovun fikrincə, nəzərə alsaq ki, Zaxarova təkcə Rusiya XİN-in deyil, eyni zamanda hakimiyyətin mövqeyini ifadə edir tələblərimizin yerinə yetirilməsi görüntüsünü yaratmağa cəhdlər göstərməyi planlaşdırdıqlarını söyləmək mümkündür: “Lakin yaxşı olardı ki, real addımlar atsınlar və Azərbaycanın haqlı tələbləri yerinə yetirilsin. Yalnız bundan sonra münasibətlərimizin düzəlməsindən, yaranan problemlərin diplomatik vasitələrlə aradan qalxmasından söhbət gedə bilər”.
Tehsil-press.az