
Məsələ ilə bağlı açıqlama verən hüquqşünas Babək Həmidov bildirib ki, Ailə və Mülki Məcəllənin müddəalarına görə nikahdan əvvəl və sonra hədiyyə edilən bütün əşyalar şəxsi mülkiyyət hesab olunur:
“Ailə qanunvericiliyi və Mülki qanunvericiliyin tələblərinə görə, nikahdan əvvəl və ya nikah dövründə ər-arvaddan hər hansı birinə bağışlanan hər bir əşya – o cümlədən qızıl və zinət əşyaları – həmin şəxsin şəxsi mülkiyyəti sayılır. Fərqi yoxdur, bu hədiyyə cütlüklərin özləri tərəfindən, yoxsa onların qohumları tərəfindən verilsin – hüquqi baxımdan şəxsi mülkiyyət kimi tanınır".
O, bildirib ki, zinət əşyaları tərəfləör arasında bölünmür:
"Toy zamanı bəy tərəfindən gəlinə, yaxud əksinə, gəlin tərəfindən bəyə hədiyyə edilən bütün zinət əşyaları da bu kateqoriyaya daxildir. Nikah pozulduqda, həmin hədiyyələrin geri qaytarılması qanunla tələb edilə bilməz. Yəni bu əşyalar tərəflər arasında bölüşdürülmür və əvvəlcədən kimə verilibsə, həmin şəxsdə qalır”.
Hüquqşünas əlavə edib ki, bəzi hallarda tərəflər bu əşyaların geri qaytarılması üçün məhkəməyə müraciət etsələr də, qanunvericiliyin prinsipləri dəyişməz olaraq qalır:
“İddia qaldırılsa belə, məhkəmə həmin əşyaların hədiyyə kimi verildiyini əsas götürür və geri qaytarılmasını tələb etmir. Bu, hüquqi baxımdan açıq şəkildə müəyyən olunmuş məsələdir”.
Tehsil-press.az