
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın 10 noyabr üçtərəfli bəyanat barədə dediklərinə münasibət bildirib. Zaxarova ötən həftə sonuna yaxın keçirdiyi brifinqdə Paşinyanın bəyanatını “nitq fiquru” adlandırıb.
Zaxarova qeyd edib ki, 2020-2022-ci illərin üçtərəfli razılaşmaları aktual olaraq qalır, tərəflərdən heç biri onlardan çıxmayıb, bu barədə sənədlər də mövcud deyil.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşdüyünü bildirib. Ötən gün brifinqdə bu məsələyə toxunan Ermənistan lideri deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”. “9 noyabr 9 noyabrda qaldı”, - Paşinyan əlavə edib.
“Rusiyanın bu ilin noyabrında 5 ili tamam olacaq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatına istinad etməsi Kremlin saman çöpündən yapışmasına bənzəyir. Məsələ bitib”. Politoloq Elxan Şahinoğlu Rusiya XİN rəsmisi Mariya Zaxarovanın Zəngəzur dəhlizi ilə bağlı 2020-ci il 9/10 noyabr bəyanatına istinad etməsi haqda özünün sosial media hesabında belə qeyd edib.
“Birincisi, 9/10 noyabr bəyanatı qəbul ediləndə Qarabağda separatizmin kökü hələ kəsilməmişdi, ərazi bütövlüyümüzü tam təmin etməmişdik. Azərbaycan bəyanatın qəbulunun 3-cü ilində ərazi bütövlüyünü təmin etdi. İkincisi, rus hərbçiləri evlərinə yola salınıblar. Üçüncüsü, Vaşinqtonda qəbul olunan razılaşmaya görə, Zəngəzur dəhlizinin tikintisi və işlədilməsi ilə bağlı konsorsium qurulacaq və sənəddə dəhlizi Rusiya hərbi qüvvələrinin qoruyacağına dair bənd yoxdur. Bütün bunlar ortada varkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, "2020-ci ilin üçtərəfli razılaşmaları aktual olaraq qalır, tərəflərdən heç biri onlardan çıxmayıb, bu barədə sənədlər də mövcud deyil". Bu lap özü olmayan, ancaq quru adı qalan Minsk Qrupunun “varlığına” bənzəyir ki, o da son günlərini yaşayır. Kremlin İrəvanla və Bakı ilə münasibətləri soyuqdur, üç iştirakçıdan ikisi 9/10 noyabrın tarixdə qaldığını bildirirsə, üçüncünün israrla “bəyanat qüvvədədir” xatırlatmasının heç bir əsası yoxdur", - o bildirib.
Rusiya 10 noyabr sənədindən əl çəkməməklə nəyəsə nail ola bilərmi? Paşinyana dəstək olaraq rəsmi Bakı da oxşar açıqlama ilə çıxış edərək Rusiyanı və Zaxarovanı pat vəziyyətinə salmalı deyilmi?
Siyasi şərhçi Azər Həsrət bildirdi ki, faktiki olaraq 10 noyabr üçtərəfli bəyanatı qüvvədən düşüb: “Çünki bəyanatın tərəflərindən ikisi Ermənistanla Azərbaycan öz aralarında razılığa gəliblər və vasitəçiyə ehtiyac qalmayıb. Üstəlik də həmin bəyanatda nəzərdə tutulan məsələlərlə bağlı Azərbaycanla Ermənistan arasında ortaq fikir birliyi var. Bu baxımdan yanaşsaq, əslində Mariya Zaxarovanın dedikləri söz oyunu ilə məşğul olmaqdır. Yəqin ki, Azərbaycan da yaxın vaxtlarda 10 noyabr üçtərəfli bəyanatı ilə bağlı mövqeyini daha aydın şəkildə ifadə edəcək. Azərbaycan öz addımları ilə göstərir ki, artıq həmin sənəd qüvvədən düşüb, bitib. İndi, sadəcə olaraq, həmin bəyanatın qüvvədən düşdüyünü fiziki olaraq bəyan etməyin vaxtıdır. Azərbaycanla Ermənistan Rusiya olmadan da ortaq məxrəcə gəliblər, anlaşıblar. Burada Rusiyalıq heç nə qalmayıb. Məncə, Ermənistanla Azərbaycan bir araya gəlib bəyanatın qüvvədən düşdüyünü bəyan etməli və bu haqda da Rusiyaya məlumat verməlidirlər. 10 noyabr üçtərəfli bəyanatının bu günəcən yalnız sonuncu-9-cu bəndinin tələbləri həyata keçməyib. Bu bənd kommunikasiyaları - Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur ki, bu məsələ barədə də artıq Azərbaycanla Ermənistan arasında 8 avqustda Vaşinqtonda razılaşma imzalanıb. Yəni bu məsələnin də həlli prosesi gedir. Odur ki, artıq 10 noyabr üçtərəfli bəyanatının bundan sonra əhəmiyyəti də qalmır”.
Siyasi şərhçi hesab edir ki, Rusiya, sadəcə olaraq, Zəngəzur dəhlizinin açılması və Ermənistanla Azərbaycan arasında əlaqələrin qurulması prosesində məhz Rusiyanın orbitr - vasitəçi olmasına nail olmaq üçün 10 noyabr üçtərəfli bəyanatından yapışıb: “Lakin cəhdlər boşunadır, Rusiya 10 noyabr sənədindən əl çəkməməklə istədiyinə nail ola bilməyəcək”.
Sosial Tədiqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, Nikol Paşinyanın 10 noyabr üçtərəfli bəyanatı ilə bağlı dedikləri Rusiyada ciddi rezonans yaradıb: “Ədalət naminə deməliyik ki, əslində imzanın geri çağırılması prosesi baş verməyib. Sadəcə olaraq, Paşinyan deyib ki, bu bəyanat aktuallığını itirib və elə 10 noyabrda qalıb. Lakin geosiyasi proseslər də onu göstərir ki, 10 noyabr üçtərəfli bəyanatının hüquqi təsiri yoxdur. Eyni zamanda burada kifayət qədər ciddi dəyişikliklər baş verib və yeni reallıqlar formalaşıb. Yeni prioritetlər meydana gəlib. Bu baxımdan, 10 noyabr üçtərəfli bəyanatının təsir mexanizmlərinin itirilməsi ilə Rusiya barışmalıdır. Rusiyanın əlində təsir rıçaqları olsa da başı Ukrayna cəbhəsinə qarışdı və Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addımlar atılmadı. Rusiya bunu etmədi. İndi yeni vəziyyət və 8 avqust Vaşinqton razılaşmaları Moskvanı pərt vəziyyətində qoyub. Ona görə də 10 noyabr üçtərəfli bəyanatından yapışmaqla prosesdə iştirakçılığını təmin etmək istəyir. Amma nəticə dəyişməz olaraq qalır. 10 noyabr bəyanatı haqqında danışmaq aktuallıqdan uzaqdır”.
Etibar SEYİDAĞA
Tehsil-press.az