Doğrudanmı cərimə ilə məsuliyyətdən yayınmaq mümkün olacaq?
Vəkil Asim Abbasov deyib ki, qohum evliliyi ilə bağlı qadağanı pozan şəxslərin həm inzibati, həm də cinayət məsuliyyəti var:
“Erkən nikah və qohum evliliklərinin qarşısının alınması məqsədilə Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrinə mühüm dəyişikliklər edilib. Bu, cəmiyyətin sağlam gələcəyinin formalaşdırılması və uşaq hüquqlarının qorunması baxımından vacib addım hesab olunur. Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən əlavəyə əsasən, artıq birbaşa bioloji qohum olan şəxslər – məsələn, əmi və qardaş (və ya bacı) qızı, bibi və bacı (və ya qardaş) oğlu arasında nikaha icazə verilmir. Belə hallara görə məsuliyyət yalnız cərimə ilə məhdudlaşmır. Cinayət Məcəlləsinin 176-1 və 176-2-ci maddələrinə əsasən, qohum nikahlarının təşkili və ya qadını məcburi şəkildə nikaha cəlb edən şəxslər iki min manatdan dörd min manatadək cərimə və ya iki ildən dörd ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”.
Vəkil xatırladıb ki, yetkinlik yaşına çatmayan şəxsin erkən evliliyini təşkil edən valideynlər və ya digər şəxslər də məsuliyyət daşıyır:
“Erkən nikahlarla bağlı elçilik, nişan, dini kəbin və digər mərasimlərin keçirilməsi də qanunla qadağandır. Bu əməllərə görə İnzibati Xətalar Məcəlləsində 189-1, 189-2 və 189-3-cü maddələr təsbit edilib. Bu hallarda inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulur. Qanunvericiliyə edilmiş bu dəyişikliklər artıq qüvvəyə minib və 2025-ci il iyulun 1-dən etibarən tətbiq olunur. Bu qanunları pozan şəxslər üçün yalnız cərimə ödəyib məsələni bağlamaq anlayışı artıq keçərli deyil”.
Tehsil-press.az