Orta məktəblərdə fransız dili müəllimləri NARAHATDIRLAR: "İşsiz qala bilərik"

Orta məktəblərdə fransız dili müəllimləri NARAHATDIRLAR: Bir sıra orta məktəblərdə fransız dili fənninin tədrisinin ləğv edilməsi ilə bağlı məsələ müəllimlərdə narahatlıq yaradıb.

Fransız dili dərslərinin ixtisarı səbəbi ilə bir çox müəllim dərs saatından məhrum olub.

"Hazırda ölkə üzrə yüzlərlə fransız dili müəllimi işsiz qalmaq təhlükəsi ilə üz-üzədir. Əgər bu tendensiya davam edərsə və fransız dili proqramdan çıxarılırsa, biz müəllimlərə ixtisas dəyişmək üçün heç olmasa bir il vaxt verilməsini istəyirik.

Nazirin qəbuluna düşə bilmirik. Təhsil ekspertləri isə bildirirlər ki, əlavə təhsil almayan müəllimlərə dərs saatı verilməyəcək. Bu isə o deməkdir ki, biz yenidən üç il təhsil almalıyıq. Təhsil haqqı illik 2500-3000 manat arasında dəyişir. Bu ixtisası necə oxuyaq?" - deyə şikayətdə bildirilir.

Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, ümumi təhsil müəssisələrində hansı xarici dilin tədris olunması seçimi hüququ valideynlərə məxsusdur.

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları"na əsasən, ümumi təhsilin səviyyələrində tədris edilən fənlərə digər fənlərlə yanaşı, "Xarici dil" və İkinci xarici dil" fənləri də daxildir.

Hazırda ümumi təhsil müəssisələrində xarici dil və ikinci xarici dil olaraq ingilis, alman, fransız, rus, ərəb, fars dilləri tədris olunur. Xarici dil I sinifdən, ikinci xarici dil isə V sinifdən başlayaraq keçilir.

Ümumi təhsil müəssisələrində hansı xarici dilin tədris olunması seçimi hüququ isə valideynlərindir.

Belə ki, Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq tədris planlarının "Tədris planlarına dair qeydlər" üzrə 7 nömrəli əlavəsində bildirilir ki, xarici dilin (dillərin) tədrisi üçün ümumi təhsil müəssisəsində müvafiq pedaqoji kadr potensialı mövcud olduğu halda, bir neçə xarici dil tədris olunan ümumi təhsil müəssisəsində övladı üçün müvafiq xarici dil onun valideyni (digər qanuni nümayəndəsi) tərəfindən seçilir.

Bununla yanaşı, sözügedən tədris planlarının 7 nömrəli əlavəsində tədrisin Azərbaycan dilində aparılan V-VIII siniflərdə dərsdənkənar məşğələlərə ayrılan üç saatdan iki saatının "Xarici dil"in, bir saatının "İkinci xarici dil"in, tədrisin digər dillərdə aparılan V-VIII siniflərdə isə dərsdənkənar məşğələlərə ayrılan üç saatın "Xarici dil"in tədrisinə verildiyi göstərilir. Bu da özlüyündə xarici dil fənninin tədrisinin diqqətdə saxlandığını və həmin fənlərə əlavə dərsdənkənar məşğələ hesabına saatların ayrıldığını təsdiq edir", - deyə açıqlamada bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər