Pezeşkian bildirib ki, prezident olmasına baxmayaraq, hər hansı möcüzəyə və ya sürətli dəyişikliklərə inanmır. Onun sözlərinə görə, cəmiyyətdə ona olan gözləntilərin yüksək olmasını anlayır, lakin bu gözləntiləri reallaşdırmaq üçün “sehirli çubuğu” yoxdur.
İran Prezidenti etiraf edib ki, reallıq olduqca ağırdır və xalqına verdiyi bir çox vədi yerinə yetirmək istəsə də, mövcud siyasi sistemin mahiyyəti buna imkan vermir. Pezeşkian açıq şəkildə bildirib ki, ölkə artıq dalana dirənib və böhrandan çıxış üçün ideyalar tükənmək üzrədir.
Dövlət başçısının çıxışında diqqət çəkən məqamlardan biri də İranın regiondakı mövqeyi ilə bağlı olub. O vurğulayıb ki, əgər qonşu ölkələrin əhəmiyyətli bir qismi İrandan ehtiyat edirsə, bu, təsadüfi deyil və ciddi şəkildə düşünülməli səbəblər var. Prezidentin fikrincə, problem təkcə xarici siyasətdə deyil, daxili idarəetmədədir.
Pezeşkian xüsusilə qeyd edib ki, ölkədə mövcud vəziyyəti hər zamankı kimi ABŞ-ın, yaxud “sionist rejim”in üzərinə atmaq mümkün deyil. Onun sözlərinə görə, İran elə bir idarəetmə böhranı yaşayır ki, burada əsas problem xarici təzyiqlər yox, məhz daxili sistem və qərarvermə mexanizmləridir.
“İran əslində ciddi xaosun içərisindədir. Elə bir böhran var ki, artıq yalandan ‘hər şey yaxşıdır’ demək olmur. Problem bizim içimizdədir, biz özümüzük”, – deyə İran Prezidenti bildirib.
Pezeşkianın bu açıqlamaları İranda uzun illərdir tabu sayılan mövzuların – siyasi sistemin səmərəsizliyi, daxili məsuliyyət və regional təcrid risklərinin – ilk dəfə bu qədər açıq şəkildə prezident səviyyəsində dilə gətirilməsi kimi qiymətləndirilir. Bu çıxış, həm ölkə daxilində siyasi elitalar arasında, həm də regionda İranın gələcək kursu ilə bağlı ciddi müzakirələrə yol aça bilər.
Tehsil-press.az













