Klinikalarda xəstələri əmtəə kimi satırlar - Tanınmış cərrahdan şok ittihamlar

Klinikalarda xəstələri əmtəə kimi satırlar - Tanınmış cərrahdan şok ittihamlar "Dünən TƏBİB-in illik brifinqi diqqət çəkdi, səbəb formatın dəyişməsi idi".

Bunu tanınmış ürək-damar cərrahı İlqar Heybətov bildirib.

O qeyd edib ki, adətən bu platformada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyevi görürdük:

"Bu dəfə isə “duelə” TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov çıxarıldı. Bu detal özü-özlüyündə çox şey deyir. Narazılıqların səviyyəsi artıq elə həddə çatıb ki, görünür, məsuliyyət yükünü paylaşmaq zərurəti yaranıb. Amma əsas problem brifinqdə deyil, səslənən mövqelərdə idi".

İlqar Heybətov daha sonra bildirib ki, Vüqar Qurbanovun Səhiyyə Nazirliyinə ünvanlanan “məsləhətləri” açıq suallar doğurdu:

"Çünki TƏBİB icraedici qurumdur, Səhiyyə Nazirliyi isə siyasət formalaşdıran və normativ səlahiyyət daşıyan orqandır. Baxmayarq ki, o, bunu qeyd etdi, amma nifrət və hikkə sonda öz yersiz məsləhətləri ilə diqqəti cəlb etdi.

Bu iki strukturun funksiyaları fərqlidir və TƏBİB-in Səhiyyə Nazirliyinə yol göstərmək, istiqamət vermək hüququ yoxdur. Bu, nə qanunla, nə də institusional etikayla uzlaşır. Əgər sistemdə problem varsa, bunu ictimai ritorika ilə yox, daxili koordinasiya, şəffaf hesabat və real nəticələrlə həll etmək lazımdır. Əks halda məsuliyyətin paylaşılması yox, yayındırılması təsiri yaranır. Səhiyyədə islahat rol qarışıqlığı ilə yox, səlahiyyətlərin dəqiq bölüşdürülməsi və cavabdehliklə mümkündür. Cəmiyyət də məhz bunu gözləyir.

31 il ürək cərrahı (6 il xaricdə) işləyən bir həkim olaraq, Vüqar Qurbanova deyəcəyim sözlər bunlardır:

TƏBİB qurumları xəstələri əmtəə kimi satmaqla məşğuldur. Ürək cərrahlığına göndərilən xəstələrə görə 700-1000 man “otkat” istənilir. Slğortadan əvvəl də belə hallar mövcud idi, amma o zaman fiks məbləğ qoyulmamışdı.

Bu dövlət və Azərbaycan səhiyyəsi sizə atanızdan və babanızdan qalmayıb ki, istədiyinizi edəsiniz. Siz 5 saylı xəstəxanada orta səviyyəli nevroloq işlərkən mən artıq xarici ölkədə işləyib dövlətimin büdcəsinə valyuta gətirirdim. Siz, bəli, siz cənab Qurbanov, yaşınızın bu dönəminə kimi Azərbaycana həkim olaraq, xaricdən hətta 1 dollar gətirə bilmisinizə, lütfən, açıqlayın".

Tehsil-press.az

Oxşar xəbərlər