Bu fikirləri açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən 11 illik buraxılış və qəbul imtahanlarındakı fənlərin çox olmasından danışarkən bildirdi.
"Düşünürəm ki, biz qarşıdakı illərdə fənlərin sayını artırmaqdansa, yaxşı olar ki, fənn sayını minimallaşdıraq. Necə ki, xarici ölkələrdə qəbul prosedurunda konkret olaraq bir və yaxud da iki fəndən imtahan aparılırsa, biz də eyni prinsipi tətbiq etməliyik. Məsələn, ümumi olaraq deyək ki, Türkiyədə YÖS əsasında qəbul aparılır, o cümlədən daxili universitet qəbulu həyata keçirilir. Bir neçə fəndən imtahan götürülür. Yaxud da dünyanın əksər ölkələri IELTS, SAT, beynəlxalq IB proqramı əsasında qəbulu çox rahatlıqla həyata keçirə bilirlər. Burada da maksimum məntiq, riyazi təfəkkür və xarici dil bilikləri əsas rol oynayır".
Onun sözlərinə görə, biz gələcəkdə fənlərin sayını minimallaşdırmaq qərarı qəbul etməliyik:
"Qəbul imtahanı iki və yaxud da maksimum üç fəndən ibarət olmalıdır. Yox, əgər buraxılış imtahanına biz tarixi də, informatikanı da əlavə etsək, əlbəttə ki, bu, abituriyentlərin dərs yükünü çətinləşdirəcək. Bu şərtlə qəbul etmək olar ki, ümumiyyətlə blok imtahan mərhələsi ləğv edilsin və yalnız buraxılış imtahanı əsasında qəbul aparılsın. Bu əsasda qəbul aparılarkən abituriyentlər beş fəndən imtahan verməli olurlar və sadəcə bunun əsasında ali təhsil müəssisələrinə qəbul həyata keçirilərsə, o zaman bu fikirlə hardasa razılaşmaq olar".
Tehsil-press.az







