BDU-da elmi seminar: “Özbək və Azərbaycan dillərində körpə ilə bağlı mərasim etnoqrafizmləri”

BDU-da elmi seminar: “Özbək və Azərbaycan dillərində körpə ilə bağlı mərasim etnoqrafizmləri” Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Türkologiya kafedrasının təşkilatçılığı ilə “Özbək və Azərbaycan dillərində körpə ilə bağlı mərasim etnoqrafizmləri” mövzusunda elmi seminar keçirilib.

Seminarın məruzəçisi, Türkologiya kafedrasının “Türk dilləri” ixtisası üzrə doktorantı Məleykə Mirzəli mövzunun elmi-nəzəri əsaslarını, problemin türkologiya və etnolinqvistika sahəsində tədqiq tarixini və aktuallığını diqqətə çatdırıb. “Körpə” anlayışının Azərbaycan və özbək ədəbi dillərində, eləcə də dialektlərdəki qarşılıqlarının etimoloji mənşəyi və semantik inkişaf xüsusiyyətlərini izah edib.

Araşdırmanın əsas hissəsində yeni doğulmuş körpə ilə bağlı mərasim etnoqrafizmləri üç əsas mərhələdə qruplaşdırılıb. Bu mərhələlər üzrə özbək dilində qeydə alınmış 1, 3, 5, 7, 9 və 40 gün mərasimləri, Azərbaycan dilində isə 10 və 40 mərasimləri müqayisəli şəkildə təhlil edilib, onların adları, semantik tutumu və etimoloji xüsusiyyətləri araşdırılıb.

Həmçinin adqoyma, dişçıxartma və beşik bağlama mərasimlərinin struktur-semantik xüsusiyyətləri, funksional yükü, eləcə də hər iki dildə müşahidə olunan oxşar və fərqli cəhətlər elmi baxımdan şərh edilib. Məruzəçi bu mərasimlərin türk xalqlarının ortaq etnik-mədəni yaddaşını, ənənəvi dünyagörüşünü və milli-mədəni kodlarını əks etdirdiyini vurğulayıb.

Sonda məruzə ətrafında elmi müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər