Mustafa Salahov 29 avqust 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildə Qorki Dövlət Universitetini “fiziki-kimya” ixtisası üzrə bitirmişdir. 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunun aspiranturasına daxil olmuş, akademik Y.Məmmədəliyevin rəhbərliyi ilə 1964-cü ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1976-cı ildə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Mustafa Salahov əmək fəaliyyətinə 1955-ci ildə Sumqayıt “Sintetik kauçuk” zavodunda başlamışdır. 1966-cı ildən etibarən bir neçə laboratoriyanın təşkilatçısı və rəhbəri olmuş, 1974-1977-ci illərdə Xlorüzvi Sintez İnstitutunda (indiki Polimer Materialları İnstitutu) elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1993-1994-cü illərdə Türkiyə Mərmərə Araşdırmalar Mərkəzində (TUBİTAK) fəaliyyət göstərmişdir. Uzun illər ərzində Polimer Materialları İnstitutnda “Monomerlərin və polimerlərin stereokimyası” laboratoriyasına rəhbərlik etmişdir.
Alimin elmi tədqiqat¬larının əsas istiqamətləri C4-C5 karbohidrogenlərinin tam xlorlaşması, C1-C6 xlorkarbonlarının əmələ gəlməsi qanunauyğunluqları və bu zaman C60-fullerenlərin alınması imkanları, dioksin ksenobiotiklərinin əmələ gəlməsinin qarşısının alınması üsullarının müəyyənləşdirilməsi; karbohidrogenlərin oksixlorlaşma və oksibromlaşma reaksiyalarının öyrənilməsi; heksaxlortsiklopentadien və dialkoksitetraxlortsiklopentadienlərin tetrahidroftal və norbornendikarbon turşusu anhidridləri, imidləri və bis-imidləri ilə Dils-Alder reaksiyasının, eləcə də 4-benzil-1,2,4-triazolin- 3,5-dionların “en” reaksiyalarının stereokimyası, kinetikası və mexanizminin tədqiqi, alınmış bis-imidodienlərin bis-imidodienofillərlə polikondesləşməsindən yanmayan məlum fəza quruluşlu hərəki-nərdivan gövdəli poliimidlərin alınması; dioksinlər və norbornen-dikarbon turşusu N-arilimidlərinin kvant-kimyəvi tədqiqi və məlum fəza quruluşlu Dils-Alder reaksiyası adduktlarının topoloji indekslərinin hesablanması əsasında quruluş-xassə asılılıqlarının tədqiqindən ibarət olmuşdur.
Mustafa Salahov 1100-dən artıq elmi əsərin, o cümlədən 200-ə yaxın müəlliflik şəhadətnaməsi və patentin, sənayedə tətbiq edilmiş 5 kimyəvi prosesin müəllifidir. O, “Yarat, yaşa”, “Akademik Yusif Məmmədəliyev”, “Əshabi-Kəhf”, “Şam-Əxi” və digər kitablar daxil olmaqla 12 kitab qələmə almışdır.
Akademik Yusif Məmmədəliyevin yaratdığı böyük elmi məktəbin layiqli davamçısı olan Mustafa Salahov uzunmüddətli elmi və pedaqoji fəaliyyəti, hazırladığı yüksək ixtisaslı mütəxəssislər və əldə etdiyi fundamental nəticələr ilə Azərbaycan kimya elminin inkişafına mühüm töhfələr vermişdir. Onun rəhbərliyi ilə 4 elmlər doktoru, 31 fəlsəfə doktoru və 20 magistr dissertasiyası müdafiə olunmuşdur. Alim özündən sonra davamlı və formalaşmış elmi məktəb qoymuşdur.
Mustafa Salahov Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Üzvi kimya üzrə Problem Şurasının sədri, Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, Respublika Müəlllimlər İttifaqı idarə heyətinin üzvü, Bakı Dövlət Universitetinin professoru olmuşdur. O, həmçinin Elmi inkişaf üzrə Beynəlxalq Şura - Beynəlxalq Elmlər Akademiyasının akademiki, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü idi.
Alimin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmiş, 2004-cü ildə Azərbaycan Respublikası Preziden¬tinin Sərəncamı ilə elm sahəsindəki nailiyyətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmiş, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdünə layiq görülmüşdür. Mustafa Salahov Beynəxalq Elmlər Akademiyasının “Qızıl döş nişanı”, akademik Y.Məmmədəliyev və akademik M.Mehdizadə medalları, Rusiya Elmi-Texniki Yaradıcılıq Sərgisinin laureat diplomu ilə təltif edilmişdir.
Şərəfli ömür yolu keçmiş tanınmış kimyaçı alim Mustafa Salahovun əziz xatirəsi onu tanıyanların və elmi ictimaiyyətin qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Tehsil-press.az











