Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan hökumətə məxsus iqamətgahı tərk etdiyini açıqlayıb.Bu barədə o, “Facebook” sosial şəbəkəsində paylaşım edib.
Akopyan bildirib ki, artıq hökumətə məxsus yaşayış yerindən köçərək kirayə mənzilə yerləşir:
"Kreditlə aldığımız ev bina hələ tikilməkdə olanda alınıb. Buna görə də kirayə mənzilə köçürəm. Əgər kimsə mənim dollar milyonçusu olduğumu, dollarla ofşor hesablarımın, saraylarımın və sair olduğunu desə, düşünürəm ki, evimin satışından bank hesabımda bir qədər pul qaldığını qeyd etmək lazımdır - dəqiq məbləği xatırlamıram, çünki bu barədə heç vaxt soruşmuram; bir hissəsi şəxsi ehtiyaclarıma xərclənib. Həmçinin maaşımdan kartımda yığılmış vəsait də var".
Baş nazirin sabiq arvadı qeyd edib ki, hesabında 5 milyon dram vəsait var.
"İnanıram ki, bu, mənim yaşamağım üçün kifayətdir. Maşınım yoxdur və təbii ki, dövlət təhlükəsizliyim də olmayacaq. Ona görə də, əgər məni İrəvanın küçələrində tək gəzdiyimi görsəniz, xahiş edirəm təəccüblənməyin və həmçinin xahiş edirəm ki, məni təhqir etməyin, çünki son səkkiz ildə bundan doymuşam.
“Barəmdə cinayət işi açılacağını istisna etmirəm. Həyatdır, bu da ola bilər. Yaşayarıq, görərik”, – deyə o paylaşdığı videoda qeyd edib.
Baş nazir Nikol Paşinyan da məsələ ilə bağlı öz feysbuk səhifəsində münasibət bildirib. O, həyat yoldaşının qərarına hörmətlə yanaşdığını vurğulayıb:
“Annanın qərarına hörmətlə yanaşıram. Son 30 ildə bütün çətin günlərimdə o, yanımda olub, mənim dayağım və arxam olub. Əmin deyiləm ki, mən onun üçün eyni ola bilmişəm. Bəlkə də daha çox inciklik yaşatmışam, buna görə üzr istəyirəm”, – deyə Paşinyan yazıb.
Tehsil-press.az















