Azad Vətən Partiyasının sədri, eyni zamanda dosent, tarix üzrə fəlsəfə doktoru, tariximizə dair bir sıra kitab və məqalələrin müəllifi Akif Nağının yeni kitabı işıq üzü görüb.Akif Nağının “Azərbaycan dövlətinin tarixi (Qədim dövrlərdən erkən orta əsrlərə qədər) adlı kitabı ingilis dilində ABŞ-ın Boston şəhərində çapdan çıxıb.
Akif Nağı ilə söhbətimizdə o bildirdi ki, bu kitabdan öncə, 2025-ci ildə 600 səhifəlik "Azərbaycan tarixi (Ən qədim dövrlərdən müasir dövrə qədər)" adlı kitabı çapdan çıxıb və Bostonda çap olunan kitab bu kitabın bir hissəsidir:”
Kitabın Azərbaycan variantına rəy verənlər tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru İsmayıl Musa, İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Şamil Mehdidir.
Ümumiyyətlə bu kitabın müəyyən məqamları tarix elmləri doktoru, professor Zabil Bayramlı, tarix üzrə fəlsəfə doktoru Boran Əziz, UNESCO-nun assosiativ professoru Rizvan Hüseynov və digərləri ilə məsləhətləşdirilib.
Belə kitablar nəşriyyatın qaydasından asılı olaraq ABŞ Konqresinin kitabxanasına yerləşdirilir. Hələlik bizə kitabın PDF variantı göndərilib və bir neçə müddətdən sonra kağız variantı da göndəriləcək”.
Qeyd edək ki, kitab Akif Nağının tam yeni yanaşmasını əks etdirir.
Bu həm yeni yanaşmalar, yeni terminlər, həm də Azərbaycan tarixinin dövrləşdirilməsi ilə bağlıdır.
Akif Nağı Azərbaycan dövlətçiliyinin qədim dövrdən - beş min il ərzində mövcud olduğu tezisini vurğulayır və konsepsiyasının bu şəkildə ortaya qoyur ki, bütün dövrlərdə Azərbaycan dövlətinin tarixindən söhbət getməlidir. İngilis varinatında da Azərbaycan dövlətinin tarixi (Qədim dövrlərdən erkən orta əsrlərə qədər) tariximizin müəyyən bir hissəsi əhatə olunur.
Müəllif bu əsərindəki fakt və sübutlarla, ən qədim dövrdən bu günə qədər Azərbaycan dövləti mövcud olduğunu təsdiq edir:” Aratta dövləti, Lullubi dövləti, Kuti dövləti, Manna dövləti, Midiya dövləti, Əhəməni dövləti ifadələri yanlışdır. Bunların əvəzinə Azərbaycan dövləti ifadəsi işlədilməli və Aratta sülaləsinin hakimiyyətdə olduğu Azərbaycan dövləti, Lullubi sülaləsinin hakimiyyətdə olduğu Azərbaycan dövləti, Kuti, Manna, Midiya, o cümlədən, Əhəməni sülaləsinin hakimiyyətdə olduğu Azərbaycan dövləti kimi yanaşılmalıdı”.
Kitabda Azərbaycan adının işlənmə tarixi, etimologiyası ilə bağlı da ən maraqlı və elmə söykənən fikirlər yer alıb. Kitab plagiat yoxlanışından və süni intellektin yoxlanışından da müvəffəqiyyətlə keçirilib. Yekunda kitabda "sıfır dərəcə plagiat " nəticəsi oldu.
Xatırladaq ki, “Qarabağ həqiqətləri”, “Qarabağ müharibəsi. Qısa tarix”, “Azərbaycanın ən yeni tarixi”, “Azərbaycan tarixi (ən qədim zamanlardan müasir dövrədək) və digər kitabları ilə Azərbaycan xalqının tarixinə işıq salan, dünya ictimaiyyətinə bu işıqda Azərbaycan tarixinin gerçəkliklərini göstərməyi bacaran Akif Nağının 2011-ci ildə işıq üzü görən “Qarabağ müharibəsi (Qısa tarix)” kitabı (Azərbaycan, ingilis, fars, rus dillərində nəşr olunub) dünyanın bir çox ölkəsində diqqət mərkəzinə düşmüşdü.
Tehsil-press.az












