BDU-da Konstitusiyanın hüquqi mühafizəsinə dair elmi seminar keçirilib

BDU-da Konstitusiyanın hüquqi mühafizəsinə dair elmi seminar keçirilib Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş “Konstitusiyanın hüquqi mühafizəsində iştirak edən subyektlərin dairəsi” mövzusunda elmi seminar keçirilib.

Seminarda Hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Nəsib Şükürov məruzə ilə çıxış edib. Məruzədə Konstitusiyanın siyasi-hüquqi cəmiyyət üçün tənzimləyici və məhdudlaşdırıcı funksiyası vurğulanıb, Konstitusiyanın yaranmasının xalqın iradəsi və cəmiyyətdə mövcud ictimai münasibətlərin hüquqi normaya çevrilməsi ilə bağlı olduğu qeyd edilib.

Çıxışçı bildirib ki, Konstitusiyanın hüquqi mühafizəsi ictimai münasibətlərin qorunması üçün səmərəli mexanizmlərin formalaşdırılması ilə birbaşa əlaqədardır. Bu baxımdan Konstitusiyanın özündə həmin münasibətlərin qorunmasını təmin edən mexanizmlərin mövcudluğu mühüm əhəmiyyət kəsb edir.

Çıxışda Konstitusiyanın sabitliyi və effektiv fəaliyyəti məsələlərinə də toxunulub. Dünya təcrübəsinə istinad edən məruzəçi qeyd edib ki, Konstitusiyanın mühafizəsi təkcə onun mətnində nəzərdə tutulan normalarla məhdudlaşmır, eyni zamanda institusional mühafizə sisteminin formalaşdırılmasını da tələb edir. Bu sistemə konstitusiya nəzarəti orqanları, məhkəmələr, qanunverici və icra hakimiyyəti subyektləri, eləcə də vətəndaş cəmiyyəti institutları daxildir.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər