6 günə 8 dəfə azalma: İranın raket hücumları sürətlə zəifləyir - SƏBƏBİ...

6 günə 8 dəfə azalma: İranın raket hücumları sürətlə zəifləyir - SƏBƏBİ... Yaxın Şərqdə son günlər baş verən hərbi qarşıdurmaların statistikası diqqət çəkən bir tendensiyanı ortaya qoyur.

İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumların intensivliyi cəmi bir neçə gün ərzində kəskin şəkildə azalıb. Müxtəlif hərbi mənbələr və beynəlxalq media tərəfindən yayılan məlumatlara görə, hücumların sayında sürətli eniş müşahidə olunur və bu dinamika regiondakı müharibənin gedişinə dair mühüm ipucları verir.

Açıqlanan statistikaya əsasən, İranın hücumlarının miqyası günbəgün aşağı düşüb. Belə ki, fevralın 28-də İran tərəfindən 300-dən çox raket və pilotsuz aparat buraxıldığı bildirilir. Martın 1-də bu rəqəm təxminən 200-ə enib. Martın 2-də hücumların sayı 110–120 arasında dəyişib. Martın 3-də 70–80, martın 4-də 50–60, martın 5-də isə təxminən 30–40 raket və dron qeydə alınıb. Beləliklə, cəmi altı gün ərzində hücumların intensivliyi təxminən 7–8 dəfə azalıb.

Hərbi analitiklər bu dinamikanı bir neçə faktorla izah edirlər. İlk növbədə qeyd olunur ki, münaqişələrin başlanğıc mərhələsində tərəflər adətən maksimum zərbə potensialından istifadə edirlər. Bu, klassik hərbi taktika sayılır və əsas məqsəd qarşı tərəfdə psixoloji və hərbi şok effekti yaratmaqdır. İran da ilk günlərdə böyük həcmdə raket və dron buraxmaqla məhz belə bir təsir yaratmağa çalışıb.

İkinci səbəb isə ABŞ və müttəfiqlərinin regionda yerləşdirdiyi çoxqatlı hava müdafiə sistemlərinin effektiv fəaliyyəti ilə bağlıdır. Hərbi ekspertlərin fikrincə, ABŞ və İsrailin istifadə etdiyi “Patriot”, “Aegis”, “Arrow” və “Dəmir günbəz” kimi sistemlər İranın buraxdığı raket və pilotsuz aparatların böyük hissəsini havada zərərsizləşdirməyə başlayıb. Bu isə hücumların effektivliyini ciddi şəkildə azaldıb və Tehran üçün hərbi baxımdan gözlənilən nəticəni əldə etməyi çətinləşdirib.

Analitiklər diqqəti hücumların coğrafiyasına da yönəldirlər. İranın zərbələri əsasən ABŞ və Qərb hərbi infrastrukturu yerləşən ölkələrə istiqamətlənib. Bunların sırasında İsrail, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Oman, İraq və Kiprdə yerləşən Britaniya hərbi bazaları göstərilir. Bu fakt Tehran rəhbərliyinin zərbələri daha çox ABŞ-ın regiondakı mövqelərinə təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını göstərir.

Maraqlı məqamlardan biri isə odur ki, indiyədək Türkiyə və Azərbaycan birbaşa raket hədəfinə çevrilməyib. Lakin bu iki türk ölkəsi də İranın xain terror hücumuna məruz qalıb. Tehran "mən deyildim", desə də, Türkiyəyə raket, Azərbaycana isə İrandan dronlarla hücum olunduğu ortadadır.

Bəzi hərbi müşahidəçilər hücumların sürətlə azalmasını İranın raket və dron ehtiyatlarının məhdudluğu ilə də əlaqələndirirlər. Digər ekspertlər isə bunu taktiki fasilə və ya hücum strategiyasının dəyişməsi kimi qiymətləndirirlər. ABŞ və İsrailin son günlər İranın hərbi infrastrukturu və logistika imkanlarına endirdiyi zərbələrin də bu dinamikanın formalaşmasına təsir etdiyi qeyd olunur.

Bütün bu göstəricilər Yaxın Şərqdəki qarşıdurmanın yeni mərhələyə daxil ola biləcəyini göstərir. İlk günlərin kütləvi raket hücumları tədricən azalır və tərəflər daha çox seçilmiş hərbi obyektlərə yönəlmiş zərbələr strategiyasına keçirlər. Ekspertlərin fikrincə, yaxın günlərdə bu dinamikanın davam edib-etməyəcəyi İranın real raket ehtiyatlarından və ABŞ başda olmaqla müttəfiq qüvvələrin regiondakı hava müdafiə imkanlarından asılı olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər