Gərginlik pik həddə – Yaxın saatlarda növbəti hücum ola bilər

Gərginlik pik həddə – Yaxın saatlarda növbəti hücum ola bilər Hizbullah qruplaşmasının İsrail ərazisinə raket hücumundan sonra Qərb siyasi dairələrində narahatlıq artıb.

Bəzi məlumatlara görə, İsrail Livana yaxın 48 saat ərzində genişmiyaslı hücumla cavab verməyə hazırlaşır. Bir sıra KİV-lər bu hücumun növbəti müharibə ilə nəticələnəcəyini iddia edir.

İsrail Qəzzada müharibə davam etdiyi müddətdə Livanda əməliyyata başlaya bilər? İranın da prosesə daxil olması gözlənilir? Belə bir hücum Təl-Əvivə qarşı təzyiqin yaranmasına səbəb olacaq?

Politoloq Sədrəddin Soltan deyib ki, İran bir neçə ölkənin ərazisində İsrailə qarşı proksi müharibə aparır:

“Tehran Livan, Suriya, Yəmən və Qəzza zolağı istiqamətində həyata keçirilən hücumların əsas icraçısıdır. SEPAH-ın Qüds qolunun üzvləri birbaşa prosesdə iştirak edir. İran açıq-aşkar elan etməsə də, proksi qüvvələri vasitəsilə müharibə aparır.

Bu gün İranın Suriyada hərbi bazaları var. İsrailin tez-tez o ölkədəki məntəqələri bombalamasının əsas səbəbi də məhz budur. Hesab edirəm ki, İran-İsrail müharibəsi başlayacağına dair səsləndirilən fikirlər yanlışdır. Bu müharibə çoxdan başlayıb. Proses hazırda da davam edir və miqyası genişlənir”.

Politoloqun sözlərinə görə, İran və İsrail arasındakı münaqişə Livana da sıçraya bilər:

“Bu müharibə təkcə iki ölkənin deyil, həm də tərəflərin ardındakı qüvvələrin mübarizəsidir. Lakin İsrailin Livana qarşı total bir müharibə elan etməsi real görünmür. Ən yaxşı halda Hizbullaha məxsus bazalar vurula, sıradan çıxarıla və təşkilatın mühüm liderləri öldürülə bilər. Fransanın bu ölkədə maraqları var. İsrail bu maraqları gözardı edə bilməz. Təl-Əviv üçün indiki məqamda əsas məsələ məhz təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün isə Hizbullahı Livandan təmizləməlidir.

İsrailə qarşı ərəb ölkələrinin ciddi təzyiqləri gözlənilmir. İsrailin zəifləməyi İranın regionda hegemonluğu deməkdir. Bunu da heç bir ərəb ölkəsi istəmir”.

Qeyd edək ki, iyulun 27-si Hizbullah qruplaşması Qolan təpələrinə raket zərbəsi endirib. Nəticədə 12 uşaq ölüb. İsrail isə buna cavab olaraq Livanın cənubundakı Şaqra şəhəri yaxınlığını vurub. Lakin Təl-Əvivin daha ciddi şəkildə hücuma keçəcəyi və əməliyyat planı hazırladığına dair iddialar var./ Globalinfo.az

Tehsil-press.az

Oxşar xəbərlər