Nazir çıxışında Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin formalaşdığını vurğulayıb. O qeyd edib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində dəvət olunmuş ölkə kimi çıxış edir və təşkilatın təşəbbüslərini dəstəkləyir.
"Bu, bir çoxumuz, xüsusən də inkişaf edən mühitdən gələnlər üçün vacib çağırışdır. Ölkəmiz beynəlxalq hüquqa əməl etməyin nə demək olduğunu yaxşı bilir. Çünki Azərbaycan uzun müddət beynəlxalq hüququn pozulmasından əziyyət çəkib”, – deyə, nazir bildirib.
Mikayıl Cabbarov qeyd edib ki, regionda uzun illərdən sonra yeni mərhələ yaranıb. Onun sözlərinə görə, Cənubi Qafqazda 35 ildən sonra ilk dəfə sülh və sabitlik üçün real imkanlar formalaşıb və sərhədlərin açılması istiqamətində addımlar atılır. Nazir vurğulayıb ki, bu proses hazırda davam edən Azərbaycan və Ermənistan arasındakı danışıqlar fonunda mümkün olub. Nazir çıxışında Orta Dəhliz layihəsinin əhəmiyyətinə də toxunub. O bildirib ki, Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələri gücləndirən ortaq siyasətin əsas istiqamətlərindən biridir.
Nazirin sözlərinə görə, bu marşrut yalnız Çinlə Türkiyə və Avropa arasında malların tranziti üçün deyil, eyni zamanda regionun iqtisadi, ticarət və investisiya inteqrasiyasının gücləndirilməsi üçün də mühüm vasitədir.
Mikayıl Cabbarov, həmçinin əlavə edib ki, Azərbaycan beynəlxalq hüquqa əməl etməyin əhəmiyyətini yaxşı anlayır və regionda iqtisadi əməkdaşlığın genişlənməsi üçün düzgün alətlərdən istifadə edilməsinin vacib olduğunu düşünür. Onun sözlərinə görə, regionda baş verən proseslər beynəlxalq münasibətlərin hazırda transformativ mərhələdə olduğunu göstərir.
Tehsil-press.az











