Bu kolbasa və sosiskalardan uzaq durun

Bu kolbasa və sosiskalardan uzaq durun Bu gün istehlak bazarında həm yerli, həm də xarici ölkələrdən idxal edilmiş kolbasa və sosiskalar satılır. Kolbasa və sosiska məhsullarının keyfiyyətini təyin etmək üçün öncə məhsulun etiketinə fikir verilməlidir. Etiketdə məhsulun adı, onun növü, tərkibi, standartın nömrəsi, istehsal tarixi, saxlanma şəraiti, yararlılıq müddəti kimi vacib məlumatlar göstərilməlidir. Lakin bəzi hallarda satılan kolbasaların etiketlərinin üzərində yazılanla tərkibinin uyğun olmadığı müşahidə olunur. Əlbəttə, bu hal istehlakçı hüququnun pozulmasıdır.

Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov açıqlamasında bildirib ki, ölkədə 20-ə yaxın kolbasa və sosiska istehsalçıları var. Eləcə də xaricdən ölkəmizə bu məhsullar gətirilir.

Hansı kolbasa və sosiskalardan uzaq duraq?

O qeyd edib ki, lakin marketlərə çıxarılmayan, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarətindən kənarda qalan, üzərində heç bir etiketi olmayan, naməlum mənşəli ətlərdən hazırlanan kolbasalar da satışa çıxarılır:

"Bu gün marketlərdə istehlakçıların seçim hüququnu təmin edən kifayət qədər kolbasa və sosiska məhsulları var. İstehlakçılar xarici mallara daha çox üstünlük verirlər və bu, səhv yanaşmadır. Əsasən Belarusiya, Ukrayna, Rusiyadan gətirilən kolbasa və sosiska məmulatlarına tələbat yüksəkdir. Halbuki uzun yol gələn məhsullar kimyalaşmış olur. Bu məhsullar xarici görünüşcə yaxşı görünsə də, tərkib olaraq uzun yola dözümlü olması üçün kifayət qədər kimyəvi maddələr əlavə edilir. Ölkənin əmtəə bazarında standartlara uyğun olan və qeyd olunan məhsulları istehsal edən müssəsisələr mövcuddur. Bu müəssisələrin istehsal etdiyi məhsullar keyfiyyət baxımından xaricdən gətirilən məmulatlardan daha üstündür. Həmin müəssisələr qocalmış və sağlam heyvan ətinə, Hindistandan gətirilən camış ətlərinə üstünlük verirlər".

Kolbasa və sosiskaların əti halaldırmı?

Sədrin sözlərinə görə, əksər kolbasa və sosiskaların halal standartlara uyğun hazırlandığı bildirilsə də, bu, heç də bütün tələblərə cavab vermir:

"Əmtəə bazarının çirklənmiş seqmenti olaraq yaxşı qızardılmış, istehlakçının diqqətini cəlb edən kolbasa və sosiskalar var. Ucuz ətdən hazırlanan bu kolbasa və sosiska məmulatlarına tələbatın yüksək olması təəssüf doğurur. AQTA həmin müəssisələri müəyyən etməli və bazarda yaranan xaotik vəziyyətə son qoymalıdır. Təəssüflər olsun ki, heç bir təşəbbüs göstərilmir. Yəni heç kim bir-birinin bazarına toxunmur".

E.Hüseynov bildirib ki, insanların kolbasa və sosiskadan daimi istifadəsi, xüsusən də uşaqlara bu məhsulların verilməsi tövsiyə olunmur. O, həmçinin vurğulayıb ki, bundan başqa, xaricdən gələn kolbasa və sosiska məmulatlarından uzaq durmaq lazımdır.

Kolbasa və sosiskaların insan orqanizminə mənfi təsirləri nədir?

Qida təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynova isə İqtisadiyyat.az-a açıqlamasında kolbasa və sosiskaların mənfi təsirlərinə toxunub.

Onun sözlərinə görə, zəhərlənmə şikayətləri və müvafiq qurum olan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı monitorinqlərin nəticələrinə əsasən, bu gün satışda olan kolbasaların və sosiskaların əksəriyyəti keyfiyyətsizdir: "Eyni zamanda istehsal zamanı saxtalığa yol verilir. Hətta mal əti yerinə toyuq filesindən istifadə edən müəssisələr də aşkarlanır. Kolbasa risk qrupunda olan məhsullar sırasındadır. Kolbasanın 70 faizə qədəri heyvanın ətindən, 30 faizi isə digər inqridentlərdən hazırlanmalıdır. Kolbasaların bişmiş, yarı bişmiş, hisə verilmiş növləri üzrə saxlanma temperaturu və saxlanma müddəti fərqli olur. Kolbasaları 3 gündən 3 aya qədər saxlamaq mümkündür. Ev şəraitində hazırlanan kolbasaların saxlama müddəti daha qısadır. Çünki bu kolbasalara əlavə kimyəvi inqridentlər əlavə olunmur".

Kolbasa alarkən nələrə diqqət edilməlidir?

Ekspert deyir ki, kolbasa alarkən istehsalçı şirkətin bazarda etibarlı marka olub-olmamasına diqqət etmək lazımdır: "Çünki keyfiyyətli məhsulun üzərində istehsalçı şirkət haqqında məlumat, əmtəə nişanı, məhsulun tərkibi, istifadə olunan kimyəvi maddələr, istehsal tarixi və son istifadə müddəti, saxlanma şəraiti kimi hallar qeyd olunmalıdır. Bundan başa, alınan kolbasanın üzəri sulu, sürüşkən, yağlı olmamalıdır. Yəni kolbasa quru olmalıdır. Kolbasada istifadə olunan hər bir kimyəvi maddənin adının qeyd olunmaması istehlakçı hüququnun pozulmasıdır".

M.Hüseynovanın fikrincə, bu gün hazırlanan kolbasaların əksəriyyətinin tərkibində "natrium qlutamat" kimyəvi maddəsindən istifadə olunur. Mənşəyi sintetik olan bu kimyəvi maddədən istifadə olunması məhsulun insanda asılılıq yaratmasına səbəb olur:

"Eyni zamanda bu maddə ağızda dad reseptorlarını məhv edir. Ona görə də insan daima sözügedən qidadan istifadə etmək istəyir. Davamlı olaraq həmin məhsuldan istifadə olunması insanda mərkəzi beyin sisteminin funksiyalarının pozulması, xərçəng xəstəliyinin yaranması riskini artırır. Bundan başqa, xroniki xəstəliyi olan insanlarda xəstəliyin kəskinləşməsi baş verir. Kolbasanın tərkibində istifadə olunan bir çox maddələr var ki, bu məhsulun gündəlik istifadəsi bağırsağın mikroflorasının pozulmasına və immun sisteminin aşağı düşməsinə yol açır. Belə olan halda insanın istənilən virusa yoluxma riski daha yüksək olur".

M.Hüseynova onu da qeyd edib ki, kolbasa, sosiska və bu kimi işlənmiş ət məhsulları gündəlik istifadə üçün nəzərdə tutulmayıb. Bu məhsulu gündəlik ancaq 50 qramı keçməmək şərtiylə qəbul etmək olar. Bu şərt isə yalnız keyfiyyətli kolbasa və sosiskalara aiddir: "25 yaşa qədər olan insanlar inkişaf prosesində olduğuna görə davamlı olaraq kolbasadan istifadə edərsə, onlarda inkişafdan geriqalma və daxili orqanların normal formalaşmamasından qaynaqlanan xəstəliklər yarana bilər".

Hansı xəstələrə kolbasa və sosiska yemək zərərlidir?

Tibbi ekspert Rasif Bağırov isə açıqlamasında bildirib ki, kolbasalarda trans yağ məhsullarından istifadə olunur. Bu yağlar kolbasaya dad versə də, insan orqanizmi üçün həddindən artıq ziyandır:

"Kolbasalar kəskin qida hesab olunur. Kəskin qidalar mədə turşuluğunu artırır, mədə-bağırsaq sistemində narahatlıq yaradır. Eyni zamanda bədəndə yağların konsentrasiyası kəskin şəkildə dəyişə bilir. Ölkəmizdə istehsal olunan mənşəyi bilinməyən kolbasaları uşaqlarla yanaşı, böyüklərin də istifadə etməsi düzgün deyil. Çünki əksər hallarda Azərbaycanda kolbasa və sosiskaların hazırlanmasında keyfiyyətsiz ətdən istifadə olunur. Bununla bağlı mətbuatda da tez-tez məlumatlara rast gəlinir".

Həkim qeyd edib ki, bəzi insanlar ucuz olması üçün gündəlik qidalarında kolbasa və sosiskalardan istifadə edirlər: "Lakin ölkəmizdəki kolbasaların hazırlanma texnologiyasını tam etibarlı saymıram. Çünki kolbasaların dadında müxtəlif fərqlər var. Gürcüstanda hazırlanan sosiska ilə Azərbaycanda hazırlanan sosiska arasında çox fərq var. Məsələn, Gürcüstanda sosiskaya mədə-bağırsaq sistemində problem yaradacaq səviyyədə sarımsaq vurulmur. Azərbaycanda ətin keyfiyyətindən narahat olan müəssisələr sosiskaya kifayət qədər çox sarımsaq əlavə edirlər".

Tehsil-press.az

Oxşar xəbərlər