Məktəb yoldaşını bir yumruqla öldürdü: Köhnə sevgilimlə danışırdı

Məktəb yoldaşını bir yumruqla öldürdü: Köhnə sevgilimlə danışırdı Bakının Suraxanı rayonunda 2008-ci il təvəllüdlü Elmar həmyaşıdı Rüfətin (adlar şərtidir – red.) ölümündə təqsirli bilinib.

Hadisə ötən ilin iyulun 26-da rayonun Hövsan qəsəbəsində baş verib. Elmar həmin gün saat 17 radələrində yaşadığı ərazidə yerləşən futbol meydançasında qonşuluqda yaşayan Rüfətlə mübahisə edib.

Elmar şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı aralarında əvvəlcədən mövcud olmuş narazılıqlara və qarşılıqlı incikliklərə aydınlıq gətirmək, mübahisəli məqamları izah etmək və ziddiyyətli münasibətlərinə son qoymaq məqsədilə Rüfəti meydançadan təxminən 30 metr aralıda olan məişət tullantıları qablarının yerləşdiyi ağaclıq əraziyə çağırıb.

Orada tərəflər arasında sözügedən narazılıqdan irəli gələn əsəbi şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə əsnasında Rüfətin sol gicgah nahiyəsinə ardıcıl iki dəfə yumruğu ilə zərbələr endirib.

Rüfət aldığı zərbələrin təsirindən yaranan xəsarətlərlə Respublika Neyrocərahiyyə Xəstəxanasına gətirilib. Ona göstərilmiş tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada ölüb.

Elmarın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü uşaqlarla həyətdə futbol oynayıb: “Rüfət sonradan yanımıza gəldi. Onunla 8-ci sinifdə oxuyan zaman tanış olmuşuq. Bir ildən çox dost olmuşuq. Bir müddətdən sonra onunla aramız qız söhbətinə görə dəydi. O, mənə əvvəllər sevgili olduğum qızla danışmaq və münasibət qurmaq istədiyini dedi. Mən isə buna etiraz etdim. Bu zaman aramızda narazılıq başladı və bir müddət danışmadıq. 1-2 ay sonra futbol oynayanda Rüfət ilə aramızda dava yarandı. O, mənim ünvanıma nalayiq söz işlətdi. Bundan sonra Rüfəti stadiondan təxminən 30 metr kənara çəkdim və anidən gicgah nahiyyəsinə iki dəfə yumruq vurdum. Bundan sonra o, yerə yıxıldı. Mən Rüfəti ayağa qaldırdım və halını soruşdum. O, yaxşı olduğunu dedikdən sonra əl sıxışaraq onu yola saldım”.

İş üzrə zərərçəkmiş Rüfətin hüquqi varisi, atası Telmanın sözlərinə görə, hadisə zamanı işdə olub: “Qızım zəng edərək dedi ki, Rüfəti vurublar, huşunu itirib və təcili yardım çağırıblar. Mən evə çatanda Rüfətin artıq təcili yardıma qoyulduğunu gördüm. Həyat yoldaşım da təcili yardımda əyləşmişdi. Onu Sabunçu xəstəxanasına apardılar. Oğlum hadisə günü Dərnəgüldə sonuncu praktika günündə idi. Oradan da çıxaraq evə gəlirdi. Rüfəti daha öncə də dəfələrlə Elmargil zəng edərək davaya çağırmışdılar. Rüfətin telefonuna gələn bütün mesajlar görünür, ona görə bu mesajlardan xəbərdaram. Saat 18:00-da Rüfətə zəng gəlib. O, namazını qılaraq həyətə düşüb. Axşam saat 7-ə işləmiş həyat yoldaşım zəng edərək evə gəlməyini tapşırıb. 7-in yarısı isə evə başında şiş halda gəlib və anasına Elmarla dalaşdığını deyib”.

Hüquqi varis qeyd edib ki, sonradan həyat yoldaşı oğlunun bədəninin qıcandığını görüb: “Dərhal təcili yardım çağırıb və onu xəstəxanaya aparıblar. Orada həkim bildirdi ki, 15 dəqiqə ərzində əməliyyat olmalıdır. Əməliyyat olunduqdan sonra bildirdi ki, uşaq yaşamayacaq. Çünki artıq onun beyni ölüb”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, mücəkkilinin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə, onun barəsində həmin məcəllənin 126.3-cü maddəsində nəzərdə tutulmuş aşağı həddən az ədalətli cəza təyin edilməsini xahiş edib.

Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, şikayət əsassız hesab edilib və təmin olunmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər