Rusiya XIN-də KRİTİK görüş - Səfirimiz və Qaluzin nədən danışıb?

Rusiya XIN-də KRİTİK görüş - Səfirimiz və Qaluzin nədən danışıb? Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayevlə görüş keçirib.

Görüş zamanı qarşıdan gələn hökumətlərarası təmaslar fonunda ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub. Xarici siyasət qurumları xətti üzrə koordinasiyanın aktual məsələlərinə də toxunulub.

Rusiya-Azərbaycan münasibətlərinin çoxşaxəli əlaqələrinin və müttəfiqlik əməkdaşlığının daha da möhkəmləndirilməsi, eləcə də Cənubi Qafqaz və Xəzər regionunda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın inkişafı məqsədilə səmərəli birgə fəaliyyətin davam etdirilməsinə qarşılıqlı hazır olunduğu qeyd edilib.

Deputat Azər Badamov şərhində bildirib ki, Rusiyanın XİN müavini Mixail Qaluzin ilə Rəhman Mustafayev arasında keçirilən görüş Azərbaycan-Rusiya münasibətlərində davam edən intensiv diplomatik dialoqun növbəti təzahürü kimi qiymətləndirilə bilər: “Bu cür təmaslar formal xarakter daşımaqdan daha çox, iki ölkə arasında mövcud gündəliyin operativ şəkildə uzlaşdırılmasına xidmət edir. Yəni son vaxtlar Rusiyada Azərbaycanın maraqlarına toxunan ifadələrin işlədilməsi və ölkəmizin etirazlar göndərilməsi intensiv hal alıb. Bu baxımdan səfirimizlə keçirilən görüşün ilk növbədə bu məsələlərə aydınlıq gətirmək məqsədi daşıdığını hesab edirəm.

Görüşdə ikitərəfli əməkdaşlığın cari vəziyyəti və Cənubi Qafqazdakı son proseslər də müzakirə olunub. Xüsusilə, postmünaqişə dövründə regionda formalaşan yeni reallıqlar fonunda Bakı və Moskva arasında koordinasiyanın saxlanılması hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir. Mövcud dinamika göstərir ki, tərəflər münasibətləri kəskin geosiyasi dalğalanmalardan qoruyaraq, praqmatik əməkdaşlıq xəttini davam etdirməyə çalışırlar. Bu baxımdan belə görüşlər yalnız cari məsələlərin müzakirəsi deyil, həm də daha yüksək səviyyəli siyasi təmaslara hazırlıq mərhələsi kimi çıxış edir. Nəticə etibarilə, bu görüş Azərbaycan-Rusiya münasibətlərində sabitliyin qorunmasına yönəlmiş ardıcıl diplomatik fəaliyyətin tərkib hissəsi olmaqla yanaşı, yaxın perspektivdə yeni qarşılıqlı səfərlərin və təşəbbüslərin mümkünlüyünü də artırır”.

Tehsil-press.az

Oxşar xəbərlər