Daşkənd sammitinin geosiyasi mahiyyəti və Azərbaycan Prezidentinin çıxışının regional münasibətlərə təsiri TƏHLİL

Daşkənd sammitinin geosiyasi mahiyyəti və Azərbaycan Prezidentinin çıxışının regional münasibətlərə təsiri TƏHLİL Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub. Bu hadisəni Avrasiya məkanının geosiyasi koordinatlarında dönüş nöqtəsi adlandırsaq yanılmarıq. Bu qərar təsadüfi deyil - tarix, mədəniyyət, etnos, dil və mənəvi yaddaş baxımından bir-birinə bağlı olan türk dövlətlərinin geosiyasi inteqrasiyası artıq konseptual ideyadan real struktur platformaya çevrilir. Daşkənd Sammiti Mərkəzi Asiyanın bir çox illərdən sonra tamamilə yeni mərhələyə - institusional birliyə, siyasi sinerjiyə və ortaq inkişaf modelinə daxil olduğunu göstərdi.

Bu sözlər beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərovun “Daşkənd sammitinin geosiyasi mahiyyəti və Prezident İlham Əliyevin çıxışının regional düzənə təsiri” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Prezident İlham Əliyevin sammitdə etdiyi çıxış yalnız rəsmi nitq deyildi, bu çıxış Azərbaycan - Mərkəzi Asiya münasibətlərinin strateji xəritəsi, gələcək onilliklərin siyasi, iqtisadi və humanitar istiqamətlərini müəyyən edən konseptual doktrina idi. Dövlətimizin başçısının nitqində üç əsas prinsip diqqəti cəlb etdi:

1. Tarixi yaddaşa söykənən siyasi baxış

Prezident İlham Əliyev birlik ideyasını siyasi romantizm kimi deyil, ortaq etnos, mədəniyyət və tarixi yaddaşın real nəticəsi kimi təqdim etdi. O, Azərbaycanı Mərkəzi Asiya ölkələrinə bağlayan dərin mənəvi bağları diplomatik müstəviyə daşıdı.

2. Regional kommunikasiya arteriyalarının yeni konfiqurasiyası

Dövlətimizin başçısının nəqliyyat və tranzit layihələri barədə dedikləri, əslində, Avrasiyanın gələcək iqtisadi xəritəsini müəyyən edən konsepsiyadır:

-Orta Dəhliz üzrə yükdaşımaların 90 faiz artması,

-Zəngəzur dəhlizinin illik 15 milyon ton yük dövriyyəsi ilə strateji arteriyaya çevrilməsi,

-Bakı-Tbilisi-Qars xəttinin modernizasiyası,

-Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının genişləndirilməsi,

Bütün bunlar Azərbaycanı regionun mərkəzi logistik qovşağına çevirir.

3. İslam mədəniyyəti - siyasi-humanitar mesaj

Daşkənd İslam Sivilizasiya Mərkəzinin açılması ilə bağlı fikirlər həm dünyaya verilmiş mesaj, həm də dini-mədəni diplomatiyanın güclü elementidir. İslamofobiyanın yüksəldiyi bir dövrdə Prezident İlham Əliyevin bu mövzuya xüsusi yer ayırması onun çevik və çoxşaxəli diplomatik yanaşmasının göstəricisidir.

Sammitdə çıxış edən bütün dövlət başçıları - Şavkat Mirziyoyev, Kasım-Jomart Tokayev, Sadır Japarov, Emoməli Rəhmon, Sərdar Berdiməhəmmədov Azərbaycanın bu biliyə qoşulmasını tarixi hadisə adlandırdılar. Bu, həm siyasi simpatiyanın, həm də real geoiqtisadi maraqların göstəricisidir. Özbəkistan Prezidenti Ş.Mirziyoyev Azərbaycanın qoşulmasını "qardaş xalqlar üçün tarixi gün" adlandırdı. Bu, təkcə diplomatik kompliment deyil, Özbəkistan regional güc kimi “Mərkəzi Asiya + Azərbaycan” formatını strateji inteqrasiya modeli kimi görür. Qazaxıstan Prezidenti K.J.Tokayevin “bağlanmış sərhədlər dövrü arxada qaldı” fikri Mərkəzi Asiyanın transformasiya dövrünə keçidinin rəsmi deklarasiyasıdır. O, Azərbaycanın qoşulmasını bu transformasiyanın vacib tərkib hissəsi kimi təqdim etdi. Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın qoşulmasını “Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Zəngəzur dəhlizi ilə məntiqli davamı” kimi qiymətləndirdi. Bu, Bakı daxil olmaqla bütün regionu Avrasiyanın əsas ticarət magistralına çevirən ssenaridir.

Daşkənd görüşü təkcə siyasi bəyanatlar vermədi. Sammitin ev sahibi və iştirakçıları tərəfindən yeni regional idarəetmə modeli üçün təkliflər də irəli sürüldü. Belə ki, görüşlərin regional dialoq formatından “Mərkəzi Asiya İcması” strateji formatına çevrilməsi üçün təkliflər irəli sürüldü.

Bu məqsədlə Məsləhətləşmə görüşlərinin Nizamnaməsinin hazırlanmasını, dövri prinsiplə fəaliyyət göstərən Katibliyin və ictimai xadimlərdən ibarət zəngin həyat təcrübəsinə malik Ağsaqqallar Şurasının yaradılmasını, bundan əlavə, görüş iştirakçıları ticarət-iqtisadi və investisiya əməkdaşlığında keyfiyyətcə yeni səviyyəyə çıxmağı və region ölkələrinin qarşılıqlı ticarət və ümumi xarici ticarət dövriyyəsi potensialı ortamüddətli perspektivdə ən azı 1,5 - 2 dəfə artırmağı təklif etdilər.

Görüşdə, həmçinin elektron ticarət sahəsində potensial və yeni imkanlardan istifadəni genişləndirərək elektron kommersiyanın inkişafı üzrə birgə tədbirlər proqramının hazırlanması, virtual ticarət platformalarının və etibarlı rəqəmsal ödəniş sistemlərinin yaradılması təklif edildi. Regionun gələcəyi üçün yüksək texnologiyalı regional infrastrukturların və nəqliyyat-logistika potensialının birgə inkişafı da xüsusi vurğulandı. Görüşdə, eyni zamanda, regional təhlükəsizlik və sabitliyin təmin olunması üçün Regional Təhlükəsizlik və Sabitlik Konsepsiyası, Risklər və Təhlükələr Kataloqu müəyyənləşdirildi. Görüşdə vurğulanan vacib mesajlardan biri də 2026-2036-cı illərin Mərkəzi Asiyada suyun səmərəli istifadəsi üzrə Praktiki Tədbirlər Onilliyi elan edilməsi təşəbbüsü idi. Bu təşəbbüs ekologiya, iqlim və su resurslarının çatışmazlığı ilə bağlı problemləri həll etməyə, regionda su çatışmazlığının artmasının qarşısını almağa və dayanıqlı inkişaf üçün mənfi təsirləri aradan qaldırmağa xidmət edəcək. Görüşdə Elmi-Tədqiqat Fondunun yaradılması da təklif edildi. Qeyd olundu ki, belə bir Fond dövlətlərarası elmi layihələrin maliyyələşdirilməsinə, akademik çevrənin fəallaşdırılmasına və dəstəklənməsinə, regionun intellektual potensialının gücləndirilməsinə, həmçinin üzv ölkələrdə sosial-iqtisadi prioritetlərin həlli üçün süni intellekt texnologiyalarının tətbiq imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Azərbaycanın qoşulması regiona nə verir?

Daşkənd Sammiti bir daha göstərdi ki, Azərbaycanın regiondakı rolu, sadəcə, iştirakçı statusunu çoxdan geridə qoyub. Azərbaycan bu gün regional prosesləri yönləndirən, geosiyasi balansı müəyyən edən və Avrasiya məkanında strateji sintezin memarı kimi çıxış edən aparıcı qüvvədir. Sammitin gedişi və dövlət başçılarının çıxışlarında səsləndirilən fikirlər Azərbaycanın yüksələn nüfuzunun, artan diplomatik çəkisinin və siyasi iradəsinin real təsdiqinə çevrildi. Azərbaycan regional enerji təhlükəsizliyinin sütunu və Avrasiyanın enerji arteriyasının aparıcı aktoruna çevrilib. Xəzər hövzəsinin zəngin hidrokarbon ehtiyatları, Bakı-Tbilisi-Ceyhan, TAP, TANAP kimi qlobal əhəmiyyətli enerji xətləri, eləcə də elektrik ixracını hədəfləyən yeni nəsil layihələr bunu deməyə əsas verir. Bu mənada əminliklə söyləyə bilərik ki, Azərbaycan Mərkəzi Asiyanın enerji xəritəsini genişləndirən əsas qüvvəyə çevrilir. Azərbaycan bu gün təkcə enerji ixrac edən ölkə deyil, həm də enerji təhlükəsizliyi konsepsiyasının inteqratoru, regionların enerji ehtiyaclarını birləşdirən strateji mərkəzdir. Bu model həm Cənubi Qafqazı, həm Mərkəzi Asiyanı, həm də Avropanı vahid enerji məkanında birləşdirir.

“Rəqəmsal İpək Yolu” təşəbbüsü, Xəzərin dibi ilə çəkilən fiber-optik kabel sistemi və rəqəmsal suverenliyin möhkəmləndirilməsi istiqamətində görülən işlər Bakının Avrasiyanın rəqəmsal arteriyasının qurucusuna çevrilməsinin təməlini qoyur. Bu layihələr region ölkələrinin informasiya mübadiləsi, strateji kommunikasiya təhlükəsizliyi və rəqəmsal iqtisadiyyatın inkişafı baxımından əvəzsiz imkanlar açır. Azərbaycan artıq yalnız nəqliyyat və enerji qovşağı deyil, o, rəqəmsal inteqrasiyanın, yüksək texnoloji əməkdaşlığın və innovasiya əsaslı inkişafın mərkəzinə çevrilir.

Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi, habelə ölkənin 9 beynəlxalq hava limanından ibarət hava-logistika şəbəkəsi Azərbaycanı Avrasiyanın ən strateji nəqliyyat magistralının qərb qapısına çevirir. Orta Dəhliz bu gün yalnız ticarət deyil, həm də qlobal iqtisadi güc mərkəzləri arasında siyasi və strateji münasibətlərin mühüm sütununa çevrilir. Bu dəhlizin sabitliyini və effektivliyini böyük ölçüdə Azərbaycan formalaşdırır.

Ölkəmiz balanslaşdırılmış diplomatiyanın, çoxşaxəli siyasi dialoqun və müstəqil strateji kursun nümunəsidir. Bakı bu gün həm Brüssel, həm Ankara, həm Moskva, həm də Pekinlə paralel və çoxvektorlu diplomatik əlaqələr yürüdərək Avrasiya məkanının siyasi inteqrasiyasında əsas vasitəçi rolunu oynayır. Azərbaycan Mərkəzi Asiyanı Avropa siyasi sisteminə bağlayan ən etibarlı körpüdür və bu körpünün davamlılığı regionun gələcək inkişafının təməl şərtidir.

Daşkənd Sammitinin tarixi mesajı

Azərbaycanın rolu təkcə Mərkəzi Asiyada artmır, o, yeni regional arxitekturanın mərkəzinə çevrilir. Daşkənd Sammiti göstərdi ki, Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi strateji xətt regional əməkdaşlığın fəlsəfəsini dəyişir. Bu gün Azərbaycan təkcə proseslərə qoşulan deyil, prosesləri formalaşdıran, regiona yeni ideoloji strategiya gətirən və geosiyasi reallıqları yenidən dizayn edən aparıcı aktordur. Mərkəzi Asiya dövlət başçılarının yekdil fikri də bunu sübut edir: Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qəbul edilməsi, sadəcə, diplomatik qərar deyil, bu, tarixi dönüş nöqtəsidir. Artıq Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında təkcə körpü inşa olunmur, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, enerji və humanitar sahələri əhatə edən tamamilə yeni regional arxitektura formalaşır. Bu arxitekturanın mərkəzində isə Azərbaycan və onun əvəzolunmaz lideri Prezident İlham Əliyev dayanır: uzaqgörən strategiyası, soyuqqanlı siyasi təhlili və regional çağırışlara verdiyi rasional cavablarla. Azərbaycan bu gün regiona yalnız sabitlik gətirmir, o, Avrasiyanın yeni geosiyasi modelini yaradır.

Tehsil-press.az

Oxşar xəbərlər