ABŞ-nin Azərbaycanla bağlı MÜHÜM planı – Detallar AÇIQLANDI

ABŞ-nin Azərbaycanla bağlı MÜHÜM planı – Detallar AÇIQLANDI “ABŞ-nin vitse-prezidenti Cey Di Vensin ölkəmizə səfəri çərçivəsində fevralın 10-da imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyub. Sənəd iki dövlət arasındakı əlaqələrin artıq klassik əməkdaşlıq formatını aşaraq strateji tərəfdaşlıq müstəvisinə keçdiyini təsdiqləyir”.

Bu fikirləri deputat Vüqar İskəndərov səsləndirib.

Deputat bildirib ki, sözügedən Xartiya münasibətlərin daha sistemli və yüksək səviyyədə qurulmasına xidmət edir.

Onun sözlərinə görə, sənəd 8 avqust 2025-ci ildə Vaşinqtonda Prezident İlham Əliyev və Prezident Donald Tramp tərəfindən imzalanmış, Strateji İşçi Qrupunun yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumuna uyğun olaraq hazırlanıb:

“Həmin memorandum strateji əməkdaşlığın hüquqi bazasını formalaşdırıb, Xartiya isə bu mexanizmin institusional çərçivəsini rəsmiləşdirərək münasibətləri yeni keyfiyyət mərhələsinə daşıyıb”.

V.İskəndərov vurğulayıb ki, sənəd iki ölkə arasında mövcud olan siyasi etimadın və davamlı dialoqun göstəricisidir:

“Xartiyada tərəflərin bir-birinin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətinin açıq şəkildə ifadə olunması münasibətlərin beynəlxalq hüququn əsas prinsiplərinə söykəndiyini göstərir”.

Vüqar İskəndərov - Trend.Az

Deputatın sözlərinə görə, Strateji Tərəfdaşlıq Xartiyası enerji təhlükəsizliyi, ticarət əlaqələrinin genişləndirilməsi, tranzit-logistika imkanlarının artırılması və regional nəqliyyat bağlantılarının inkişafı kimi mühüm istiqamətləri əhatə edir:

“Bununla yanaşı, süni intellekt və rəqəmsal infrastruktur sahələrində investisiya imkanlarının təşviqi, eləcə də təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi də sənəddə prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bu isə göstərir ki, tərəflərin maraqları təkcə ikitərəfli müstəvidə deyil, həm də regional və qlobal kontekstdə üst-üstə düşür”.

V.İskəndərov qeyd edib ki, Xartiyanın Cənubi Qafqaz üçün yaratdığı perspektivlər də əhəmiyyətlidir:

“Strateji əməkdaşlığın güclənməsi bölgədə sabitliyin möhkəmlənməsinə, uzunmüddətli sülhün təşviqinə və iqtisadi inteqrasiyanın dərinləşməsinə əlavə stimul verə bilər. Eyni zamanda, nəqliyyat-kommunikasiya xətlərinin inkişafı, enerji və tranzit layihələrinin davamlılığının təmin olunması, eləcə də çoxtərəfli təhlükəsizlik mühitinin formalaşdırılması baxımından bu sənəd mühüm rol oynaya bilər”.

Deputat əlavə edib ki, Azərbaycanın ABŞ üçün əhəmiyyəti bir sıra strateji faktorlarla bağlıdır:

“Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm geosiyasi məkanda yerləşməklə enerji və nəqliyyat dəhlizlərinin kəsişməsində qərar tutub və etibarlı tərəfdaş kimi çıxış edir. Xəzər hövzəsinin enerji ehtiyatlarının qlobal bazarlara çıxarılmasında Azərbaycanın rolu ABŞ-nin enerji təhlükəsizliyi strategiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycanın regionda sabitlik və praqmatik əməkdaşlıq xətti yürütməsi Vaşinqton üçün onu Cənubi Qafqazda etibarlı tərəfdaşa çevirir. Rəqəmsal transformasiya, innovasiya və süni intellekt sahələrində əməkdaşlıq imkanları isə ABŞ biznes dairələri üçün yeni perspektivlər açır. Azərbaycanın Orta Dəhlizdə artan rolu və tranzit potensialının genişlənməsi də ABŞ-nin Avrasiya məkanında alternativ bağlantı marşrutlarının təşviqi siyasəti ilə uyğunluq təşkil edir. Beləliklə, Strateji Tərəfdaşlıq Xartiyası yalnız ikitərəfli münasibətlərin yeni mərhələsini deyil, həm də Cənubi Qafqazın gələcək geosiyasi və geoiqtisadi inkişaf trayektoriyasına təsir göstərə biləcək mühüm siyasi sənəd kimi qiymətləndirilir”.

Tehsil-press.az

Oxşar xəbərlər