QLOBALLAŞAN DÜNYANIN TƏLƏBİ

QLOBALLAŞAN DÜNYANIN TƏLƏBİ Dünyada gedən müsbət qlobal proseslərdən kənarda qalmamaq hər bir dövlətdən onun təhsil problemlərini diqqətdə saxlamağı tələb edir. Söz yox, hər bir dinamik inkişaf düzgün qurulmuş və aparılan güclü iqtisadi siyasətin nəticəsi hesab olunur. Möhkəm biliyə əsaslanan iqtisadiyyatın sürətli inkişafı isə keyfiyyətli insan kapitalının formalaşmasını tələb edir. Bu isə, öz növbəsində, hər bir ölkənin günün tələblərinə uyğun olaraq təhsilinin modernləşdirilməsi zərurətini yaradır.
Ölkəmizin regionda informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində lider dövlət olmasını nəzərə alsaq, respublikada virtual təhsil sistemini inkişaf etdirmək zəruridir. Azərbaycan Respublikasının cənab İlham Əliyevin təhsil sistemi qarşısında qoyduğu mühüm tələblərdən biri də məhz ölkənin təhsil sitemində informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqidir. “…Azərbaycan virtual dərslər keçirilməlidir” tələbi ilə çıxış edən ölkə başçısı bu məsələnin ölkəmizin təhsil sisteminin inkişafı üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Bu tələb eyni zamanda milli təhsil sisteminin prespektiv inkişaf istiqamətini müəyyən edir. Buna görə də bütün strateji təhsil sənədlərində ölkəmizdə virtual təhsilin (DT) yaradılması və inkişaf etdirilməsi ayrıca qeyd edilmişdir.
Bu gün dünyada DT texnologiyalarının tətbiqi geniş vüsət almaqdadır. Təhsilin bu sahəsinin inkişafı milli təhsil sisteminin daha da təkmilləşdirilməsi, beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi, qlobal informasiya təhsil məkanına inteqrasiya edilməsi baxımından da çox önəmlidir. DT dünyada gedən qloballaşmanın tələbidir və hər hansı dövlətin təhsil siyasətindən asılı olmayaraq, informasiya cəmiyyətinin inkişafı və təkamülünün tarixi mərhələsidir.
Dünyanın qabaqcıl ölkələrində ənənəvi təhsil formaları artıq DT sisteminə inteqrasiya olunmuş, vahid milli informasiya-təhsil məkanı yaranmışdır. Müasir dünyada milyonlarla insan DT texnologiyaları əsasında sistemli şəkildə təhsil alır.

QLOBALLAŞAN DÜNYANIN TƏLƏBİ

Distant Təhsil – təhsil qurumlarının istənilən məsafədə öyrənənlərə xüsusiləşdirilmiş informasiya-təhsili mühiti vasitəsilə göstərilən təhsil xidmətləri kompleksidir.
DT müəllimlə tələbə arasında interaktiv əlaqəni telekommunikasiya və internet şəbəkəsi vasitəsilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında, uzaq məsafədən həyata keçirən texnologiyadır. DT-nin əsas texnologiyaları aşağıdakılardır:
- Keys texnologiyası. Tədris metodik materiallar ciddi strukturlaşdırılır, xüsusi <<keys>> formasında komplektləşdirilir, müstəqil mənimsənilmə üçün tələbələrə göndərilir. Tələbə ilə məsləhətçi-müəllim, tyutor arasında müntəzəm məsləhətləşmə aparılır.
- TV texnologiyası. Tədris prosesi telemühazirələr əsasında həyata keçirilir, müəllim və tyutorla sistematik məsləhətləşmələr aparılır.
- Şəbəkə texnologiyası. Tələbələri tədris metodik materiallarla təmin etmək, həmçinin, tələbə və müəllim arasında interaktiv əlaqə yaratmaq məqsədi ilə İnternet şəbəkəsindən istifadə edilir. Şəbəkə texnologiyasında lokal (İntranet) və qlobal (İnternet) şəbəkə texnologiyalarından istifadə edilir. Bu halda distant dialoq İnternet resursları vasitəsi ilə həyata keçirilir. Təlim ünsiyyətin əsasını DT kursu şəklində tərtib edilmiş elektron tədris vasitələri təşkil edir.

QLOBALLAŞAN DÜNYANIN TƏLƏBİ

Dünyada təhsil təcrübəsindən DT-nin tətbiq olunan modelləri, əsasən, aşağıdakılarından ibarətdir:
1. Distant Təhsil əyani təhsilin reallaşma modeli kimi. Müəllimin auditoriya ilə əlaqələri telekommunikasiyalar ilə audiovizual formada reallaşır. Bu model Amerikada tətbiq edilir.
2. Distant Təhsilin Asiya modeli. Bu model açıq universitetlərin yaradılmasını nəzərədə tutur. Çin, Cənubi Koreya, Hindistan, Tailand, İndoneziya kimi ölkələr bu modeldən istifadə edirlər.
3. Distant Təhsil qiyabi təhsilin reallaşma modeli kimi. Bu halda yalnız qiyabiçi tələbələr distant texnologiyalar əsasında təhsil alırlar. Avstraliya, Yeni Zellandiya, Malayziya kimi ölkələrdə bu model tətbiq edilir.
4. Tədris materialı əsasında tələbənin müstəqil işinə əsaslanan distant təhsil modeli. Bu modeldə tədris kursları modullar formasında strukturlaşır. Bu modeldən Böyük Britaniya və Rusiyada istifadə olunur.
Dünya ölkələrində bu gün DT-nin müxtəlif modelləri tətbiq edilir. Qardaş Türkiyə Cümhuriyyətinin Anadolu Dövlət Universiteti artıq 30 ilə yaxındır ki, açıq universitet formasında fəaliyyət göstərir. Bu universitet hazırda 2 milyona yaxın tələbəsi ilə dünyanın 3 meqauniversiteti arasında yer alır. Ötən 30 ildən artıq müddət ərzində Anadolu Universiteti müxtəlif texnologiyalar əsasında, bu gün isə ən müasir, yüksək texnologiyaların tətbiqi sayəsində DT gerçəkləşdirməkdədir. Anadolu Dövlət Universiteti tətbiq etdiyi bu modellə nəinki Türkiyənin bütün ərazisində, o cümlədən dünyanın bir çox ölkələrində öz distant təhsilini yaymaqdadır.

QLOBALLAŞAN DÜNYANIN TƏLƏBİ

2009-cu ildən başlayaraq T.C.Yükseköğretim Kurumunun (Ali Təhsil Şurası) qərarı əsasında Azərbaycandan da yüzlərlə gənc Anadolu Dövlət Universitetində distant formada təhsil alır. Anadolu Dövlət Universitetinin bu modelinin bir çox üstünlüklərindən biri də ondan ibarətdir ki, xarici ölkələrdəki tələbələrinə distant formada təhsil vermək üçün universitetin həmin ölkələrdə öz filialını açmasına, yaxud hər hansı bir təhsil qurumu yaratmasına ehtiyac qalmır. Belə ki, universitet İKT sahəsində ixtisaslaşmış hər hansı bir tərəfdaş qurumlar vasitəsi ilə təhsil françayzinqi təməlində həmin ölkələrdəki tələbələrinə telekommunikasiya vasitələri ilə İnternet üzərində istant formada təhsil almaq imkanları yaradır.
Distant formada təhsil alan tələbələr üçün bu təhsil növü həm maddi, həm də təhlükəsizlik baxımından daha əlverişlidir. Belə ki, bir çox hallarda valideynlər övladlarını xarici ölkələrə göndərməkdən çəkinir və onların ölkəni tərk etməkdən xarici ali məktəblərdə beynəlxalq standartlara uyğun təhsil almalarını istəyirlər.
Hazırda müxtəlif ölkələrlə yanaşı, Azərbaycandan da Anadolu Dövlət Universitetində xeyli tələbə distant yolla keyfiyyətli və müasir standartlara uyğun təhsil alır. Gələcəkdə də digər xarici ölkələrin açıq və virtual universitetlərində distant formada təhsil almaq istəyən gənclərimizin sayının artacağı şübhəsizdir. Fikrimizcə, bunun ölkəmizdə insan kapitalının inkişafına böyük faydası ola bilər. Arzu edərdik ki, Azərbaycanın ali məktəblərində də distant təhsil almaq üçün imkanlar yaradılsın, ölkənin bölgələrində gənclərimiz, eləcə də xarici ölkələrdən tələbələr əyani formada təhsil alanlardan fərqli olaraq yaşadıqları mühiti, öz ölkələrini, ailələrini, işlərini tərk etmədən, heç bir əlavə xərc olmadan məhz informasiya və kommunikasiya texnologiyaları vasitəsilə elmi biliklərə yiyələnsinlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa səyi və qayğısıyla ölkənin bütün ərazisinin, bütün yaşayış məntəqələrinin yüksək sürətli İnternet şəbəkəsi ilə təchiz edildiyini ayrıca qeyd edərək əminliklə deyə bilərik ki, bu arzularımızın gerçəkləşməsi üçün artıq heç bir maneə yoxdur. Bunun üçün ölkəmizdə hüquqi baza da mövcuddur. Yəni “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda DT bir təhsilalma forması kimi müəyyən olunmuşdur. Ali məktəblərimizdə distant təhsil texnologiyalarının tam tətbiq edilməsi isə heç şübhəsiz ki, ölkəmizin təhsil sisteminin də beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi deməkdir.
Strateji məqsədi qlobal informasiya təhsil məkanına inteqrasiya olan milli təhsil sistemimizdə DT-nin tətbiqi bu gün çox zəruridir. Ümidvarıq ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatlar çərçivəsində DT-nin zamanın tələbi olduğu nəzərə alınaraq tətbiqinə geniş yer ayrılacaq.

Azər Hətəmov
Distant təhsil üzrə ekspert

Oxşar xəbərlər