İtaliyalı nazir: Azərbaycan ilə İtaliya arasında möhkəm və etibarlı tərəfdaşlıq mövcuddur

İtaliyalı nazir: Azərbaycan ilə İtaliya arasında möhkəm və etibarlı tərəfdaşlıq mövcuddur Noyabrın 7-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni ilə görüşüb.

Tehsil-press.az xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin səviyyəsindən və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə ediblər. Söhbət zamanı ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsi təqdir edilib, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub. “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ikitərəfli siyasi əlaqələrimizin fundamental əsasını təşkil etdiyi vurğulanıb.
Elmar Məmmədyarov İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin Azərbaycana ilk rəsmi səfərini yüksək qiymətləndirib, ölkələrimiz arasında sabit siyasi, iqtisadi, enerji, neft-kimya, nəqliyyat, turizm, humanitar sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətinə toxunub.
İtaliyalı nazir Paolo Centiloni qeyd edib ki, ölkələrimiz arasında güclü və etibarlı tərəfdaşlıq mövcuddur, əlaqələrimizin möhkəm siyasi əsası var və mükəmməl iqtisadi əməkdaşlığa malikik. O, həmçinin vurğulayıb ki, ölkəsi Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin yeni müstəvidə inkişafını dəstəkləyir.
Elmar Məmmədyarov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələrin iki ölkə arasında humanitar sahədə əməkdaşlığa xüsusi töhfələr verdiyini deyib.
Tərəflər Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq TAP layihəsinin icrası ilə bağlı həyata keçirilən işlər və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər beynəlxalq təşkilatlar və forumlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin və qarşılıqlı dəstəyin göstərilməsinin əhəmiyyətindən danışıblar.
Görüşdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələrin inkişafından razılıq ifadə olunub, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin iki ölkə arasında siyasi münasibətlərə töhfə verdiyi vurğulanıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu barədə məlumat verib, İtaliya şirkətlərinin bu layihənin imkanlarından faydalana biləcəyini deyib.
İtaliyanın ATƏT-in Minsk qrupunun üzv dövlətlərindən biri olduğunu xatırladan, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində son vəziyyətlə bağlı həmkarına məlumat verən Elmar Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu vurğulayıb. Nazir, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktının qəbul edildiyini bildirib. O, güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasının qəbuledilməz olduğunu vurğulayıb. Nazir Vyana və Sankt-Peterburq görüşlərindən sonra Ermənistanın müxtəlif təxribatlara əl ataraq münaqişənin həlli üzrə aparılan danışıqları və müzakirə olunan məsələləri pozmağa çalışdığını bildirib.
Görüşdə, həmçinin İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, xüsusən enerji sektorunda uğurlu fəaliyyəti qeyd edilib. Bu uğurlu əməkdaşlığın qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatı, tekstil-trikotaj, dəri emalı, tikinti materialları istehsalı, turizm, mədəniyyət və elmi-texniki əməkdaşlıq sahəsində də davam etdirilməsi üçün zəruri addımların atılmasının vacibliyi bildirilib.
Görüşdən sonra nazirlər müzakirə olunan məsələlərlə bağlı birgə mətbuat konfransı keçiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər