Şaxta baba, Qar qız olmaq istəyənlər üçün müraciətlərin qəbuluna başlanılıb

Şaxta baba, Qar qız olmaq istəyənlər üçün müraciətlərin qəbuluna başlanılıb Bayram günlərində Bakıda Şaxta baba, Qar qız kimi fəaliyyət göstərmək istəyənlər üçün artıq müraciətlərin qəbuluna başlanılıb.

Bunu Tehsil-press.az-a Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.
Onun sözlərinə görə, departamentə indiyə qədər 6 müraciət daxil olub.
Ə.Bağırovun sözlərinə görə, Şaxta baba və Qar qız olmaq istəyənlər üçün icazənin verilməsinə dekabrın 20-dən sonra başlanılacaq. İcazə alan şəxslər elə həmin tarixdən fəaliyyət göstərə biləcəklər.
Departament rəsmisi əlavə edib ki, Şaxta baba, Qar qız və fotoqraflar Yeni il bayramı günlərində bu fəaliyyətlə məşğul olmalarına görə ayrı-ayrılıqda 60 manat dövlət rüsumu ödəməlidirlər:
"Lakin son vaxtlar fotoqraf kimi işləmək üçün demək olar ki, müraciətlər daxil olmur. Çünki indi hər kəsin telefonu olduğundan, şəkli özləri çəkirlər. Son illərdə Şaxta baba, Qar qız olmaq istəyənlərin də sayı azalıb".
Ə.Bağırov bildirib ki, İnzibati Xətalar Məcəlləsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə xidmətlərin göstərilməsinə görə cərimənin tətbiqini nəzərdə tutur. Buna görə də Şaxta baba, Qar qız fəaliyyəti ilə qanunsuz məşğul olanlar 80 manat məbləğində cərimələnə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər