Laridən daha bir antirekord

Laridən daha bir antirekord Gürcü larisinin sürətlə dəyərdən düşməsi dolların bahalaşması və türk lirasının zəifləməsi ilə əlaqədardır. Bu barədə Gürcüstan Milli Bankının yaydığı açıqlamada deyilir.

"Fundamental faktorlara baxmayaraq, bizim ilkin qiymətləndirmələrimizə görə, larinin hazırkı dəyərsizləşməsi rasional gözləntilərdən daha çox olub", - deyə tənzimləyicinin açıqlamasında bildirilir.
Dollar təxminən 0,06 lari bahalaşaraq 2,7412 lari səviyyəsinə çatıb ki, bu da Gürcüstanın milli valyutasının dövriyyədə olduğu müddət ərzində antirekord hesab olunur. Valyutadəyişmə məntəqələrində dolların məzənnəsi 2,80-2,81 lariyədək yüksəlib.
Bunu nəzərə alaraq Milli Bank qeyd edir ki, milli valyutanın məzənnəsindəki kəskin təlatümlərin qarşısını almaq üçün sərəncamında olan bütün alətlərdən istifadə edəcək. "Larinin məzənnəsi fundamental faktorlara əsaslanmalıdır", - deyə açıqlamada vurğulanır.
Bəyanatda həmçinin vurğulanır ki, yüksək inflyasiya riski yaranarsa, monetar siyasət sərtləşdiriləcək.
Qeyd edək ki, Gürcüstan Milli Bankı oktyabr ayının 12-dən etibarən intervensiyaları dayandırıb. Bundan sonra lari dollara nisbətən 17,3% ucuzlaşıb. Noyabr ayı ilə müqayisədə isə Gürcüstanın milli valyutası 56% dəyərsizləşib.
Tənzimləyici cari ilin əvvəlindən 23 intervensiya həyata keçirərək 240 mln. dollar satıb və 278,35 mln. dollar alıb. Düzdür, valyuta alışı mart ayının ortasından avqustun sonunadək davam edib ki, bu da larinin möhkəmlənməsinə paralel baş verib.
Bir həftə əvvəl Gürcüstan Milli Bankı uçot dərəcəsini dəyişməyərək 6,5% səviyyəsində saxlayıb. Uçot dərəcəsi ilə bağlı növbəti qərar 2017-ci ilin yanvar ayının 25-də veriləcək.
Noyabrda illik inflyasiya 0,2% təşkil edib ki, bu da tənzimləyicinin hədəf göstəricisindən yüksəkdir. Ümumilikdə, Gürcüstan Milli Bankı cari ildə inflyasiyasının 5%, gələn il isə 4% olacağını proqnozlaşdırır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi rəsmi məzənnəyə əsasən, gürcü larisi manata qarşı 3,23% ucuzlaşaraq 0,6287 manata enib.

Tehsil-press.az

Oxşar xəbərlər