Rumıniyanın “Amosnews” xəbər agentliyi Xocalı soyqırımından bəhs edən məqalə yayıb

Rumıniyanın “Amosnews” xəbər agentliyi Xocalı soyqırımından bəhs edən məqalə yayıb Rumıniyanın “Amosnews” xəbər agentliyinin saytında AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin rumın dilində “Xocalı soyqırımı – XX əsrin faciəsi” sərlövhəli məqaləsi yerləşdirilib.

Məqalədə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğu göstərilib, Ermənistanın ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələri barədə bəhs edilib, soyqırımının insanlığa sığmayan hərəkət olduğu vurğulanıb. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı qüvvələri dinc azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törədiblər. Erməni silahlı qüvvələrinin keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri qanlı qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 197 nəfər itkin düşüb.
Müəllif Xocalı soyqırımının əsl mahiyyətinin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib, 1994-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini bildirib. Məqalədə vurğulanıb ki, Xocalı soyqırımını törədənlər cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Təhsil-press.az

Oxşar xəbərlər