Müasir dövrdə smartfonlardan intensiv istifadə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, aparılan aşdırmalar bu vərdişin insanın diqqət və yaddaş funksiyalarına mənfi təsir göstərdiyini aşkarlayıb.Telefonu tez-tez yoxlayan şəxslərin beynində diqqət resurslarını parçalayaraq fokuslanma qabiliyyətini zəiflədir.
Smartfonun yalnız istifadə olunması deyil, hətta insanın yaxınlığında olması belə diqqətin azalmasına səbəb ola bilər. Beyin şüuraltı şəkildə mümkün bildirişlərə hazır vəziyyətdə qalır və bu da əsas tapşırığa tam fokuslanmağa mane olur. Nəticədə informasiyanın yadda saxlanılması çətinləşir.
Gün ərzində telefonu tez-tez yoxlayan şəxslər diqqətsizlikdən qaynaqlanan xırda yaddaş səhvləri ilə daha çox qarşılaşır. Bunlara gündəlik işləri unutmaq, fikrin tez dağılması və eyni tapşırığa yenidən köklənməkdə çətinlik çəkmək daxildir. Alimlər bu halı “diqqətin daimi bölünməsi” ilə izah edirlər.
Davamlı bildirişlər və ekran yoxlamaları beynin informasiya emal yükünü artırır. Bu isə uzunmüddətli perspektivdə diqqət davamlılığının azalmasına və yaddaş performansının zəifləməsinə səbəb ola bilər. Xüsusilə dərs oxuyanlar, tələbələr və zehni əmək fəaliyyəti ilə məşğul olan şəxslər bu təsiri daha qabarıq şəkildə hiss edirlər.
Diqqət və yaddaşı qorumaq üçün telefon istifadəsinin tənzimlənməsi vacib hesab olunur. Bildirişlərin minimuma endirilməsi, fokus tələb edən işlər zamanı telefonun kənarda saxlanılması və “telefonsuz vaxt” vərdişinin formalaşdırılması müsbət təsir göstərən əsas addımlar sırasında göstərilir.
Qeyd edək ki, texnologiyadan tam imtina mümkün olmasa da, onun şüurlu və ölçülü istifadəsi diqqət və yaddaş sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Tehsil-press.az










