Prezident İlham Əliyev: İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir

Prezident İlham Əliyev: İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir.

Tehsil-press.az-n məlumatına görə, bunu Tehranda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhani ilə birgə mətbuata bəyanatla çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib: “Qardaş İran torpağında yenidən olmağımdan çox məmnunam. Bu mənim son üç il ərzində İran İslam Respublikasına üçüncü səfərimdir. Bütünlükdə, son üç il ərzində cənab Prezident Ruhani ilə səkkiz dəfə görüşmüşəm. Bu göstərir ki, İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri çox uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimiz qədim tarix, mədəniyyət və ortaq din əsasında qurulub. Biz bu möhkəm təməl əsasında gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan ərazi bütövlüyü, suverenliyi əsasında həll olunması istiqamətində mövqeyinə görə İran İslam Respublikasına minnətdarlığımızı bidirmək istəyirik. Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır. Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır”.
Azərbaycan Prezidenti bildirib ki, iqtisadi sahədə çox gözəl nəticələr var: “Ötən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artıb. Bu, əldə edilmiş razılaşmaların nəticəsidir. Bütün imzalanmış sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və Prezident Ruhaninin Azərbaycana səfərləri çərçivəsində 18 sənəd imzalanmışdır. Bu gün əlavə iki sənəd imzalanmışdır. Bu, əlaqələrimiz üçün möhkəm hüquqi baza yaradır. İran tərəfi Azərbaycana sərmayə qoymağa başlamışdır. Buna görə də minnətdarıq. Eyni zamanda, Prezident Ruhaninin qeyd etdiyi kimi, Azərbaycan da Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə maliyyə resurslarını səfərbər edib. Mən bir il bundan əvvəl bu salonda qeyd etmişdim ki, 2016-cı ildə Azərbaycan öz dəmir yolunu Azərbaycan-İran sərhədinə qədər çəkəcək. Biz buna nail olduq, bu, artıq reallıqdır. Hətta Astaraçay üzərində dəmir yolu körpüsü tikilib, istismara verilib. Bu günlərdə birinci qatar artıq sərhədi yeni tikilmiş körpü vasitəsilə keçibdir”.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan və İranın birgə icra etdiyi “Şimal-Cənub” nəqliyyat dəhlizi tarixi hadisədir: “Bu layihə eyni zamanda regional əməkdaşlıq məsələlərinə mühüm töhfə verir. İndi regionda üçtərəfli formatların sayı çoxalır. Energetika sahəsində böyük uğurlar əldə olunub. Biz elektrik xətlərimizi birləşdirdik və indi mübadilə aparılır. Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti “Şahdəniz-2” layihəsinin fəal iştirakçısı və sərmayədarıdır. Xəzər dənizində müştərək neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün bu gün geniş fikir mübadiləsi aparılmışdır. Xüsusilə müştərək iqtisadi komissiyanın fəaliyyətini qeyd etmək istəyirəm. Komissiya çox fəal işləyir və prezidentlərin bütün göstərişlərini vaxtlı-vaxtında və yüksək səviyyədə icra edir”.
Dövlət başçısı deyib ki, İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün önəmli deyil, bütün region üçün önəmlidir: “Bizim yaxın əlaqələrimiz regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfədir. Qeyd etməliyəm ki, bu il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilmişdir. Biz çalışırıq ki, İslam aləmində birliyi, həmrəyliyi möhkəmləndirək. Biz öz milli-mənəvi, dini dəyərlərimizə çox sadiqik. İki aydan sonra Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman yarışı olmayacaq, həm də İslam aləminin birləşməsi deməkdir. Əminəm ki, İran idmançıları bu yarışlarda böyük uğur qazanaraq yüksək pillələrə qalxacaqlar. Qeyd etməliyəm ki, biz Azərbaycanda İran-Azərbaycan əlaqələrinin inkişafına xüsusi əhəmiyyət veririk, bu əlaqələri çox yüksək qiymətləndiririk. Bugünkü səfərim bu əlaqələrin inkişafına çox böyük dəstək olacaq. Bir daha qonaqpərvərliyə görə Sizə minnətdaram və fürsətdən istifadə edərək, cənab Prezident, Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm”.

Prezident İlham Əliyev: İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir
Prezident İlham Əliyev: İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir
Prezident İlham Əliyev: İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir
Prezident İlham Əliyev: İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir

Oxşar xəbərlər