Qlaukoma özünü büruzə verməyən xəstəlikdir

Qlaukoma özünü büruzə verməyən xəstəlikdir Hər il martın 12-si dünyada Qlaukoma Günü kimi qeyd edilir. Yer kürəsində xüsusi bir gün kimi qeyd olunan qlaukomanın xüsusi olaraq qeyd edilməsi təsadüfi deyil.

Qlaukoma əlamətləri ilə özünü büruzə verməyən xəstəlikdir, çox vaxt onun əmələ gəlməsi hiss olunmur və ona görə də bu sahədə maarifləndirici tədbirlərə ehtiyac var.
Rəsmi statistikaya görə, ölkəmizdə 20 mindən çox qlaukoma xəstəsi qeydiyyatdadır. Lakin bu yalnız qeydiyyatda olan xəstələrin sayıdır. Xəstəlik anadangəlmə olduğu kimi, sonradan qazanılmış da olur. Hər ay mərkəzimizdə azı 2-3 yeni doğulmuş körpədə bu xəstəlik aşkar edilir. İrsi faktor qlaukomada da aparıcı mövqe tutur. Bununla yanaşı, bətndaxili infeksiyalar da onun yaranmasına səbəb olur. Son iki ilin statistikasına görə, xəstələrin sayında təxminən 3-5 faiz artım müşahidə edilir.
Təhsil-press.az xəbər verir ki, bu sözləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru Aytən Sultanova Ümumdünya Qlaukoma Günü ərəfəsində jurnalistlərə müsahibə zamanı söyləyib.
Baş həkim deyib: “40 yaşdan sonra iki ildən bir, 50 yaşdan sonra isə ildə bir dəfə gözdaxili təzyiqin müayinə edilməsi vacibdir. Xəstəliyin simptomsuz davam edərək, zəif gedişatla görmə sinirinin milyonlarla hüceyrələrini tədricən sıradan çıxarması ən çox narahatlıq doğuran məsələdir, lakin xəstələr onu ən son mərhələdə - dumanlı və ya pis görərkən hiss edirlər. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, qlaukoma xəstəliyinin müalicəsi düzgün aparılmayanda və ya vaxtında aşkar olunmayanda geridönməz fəsadlar verir. Qlaukoma xəstəliyi zamanı görmə sinirinin tam iflic vəziyyətinə düşməsi belə hallardan biridir”.
Baş həkim gözdaxili təzyiq barədə danışarkən deyib: Gözdaxili təzyiq normal halda 14-22 millimetr civə sütununa bərabər olur. Lakin həmin göstəricinin normadan yüksək olması qlaukoma diaqnozunun qoyulması demək deyil. Məsələn, bu, hipertenziya da ola bilər və onu yerli müalicə ilə tamamilə aradan qaldırmaq mümkündür. Lakin gözdaxili təzyiqin çox yüksək olması və görmə sahəsinin boruvari hal alması geridönülməz proses və xəstəliyin son mərhələsinin göstəricisi kimi qəbul olunur.
Ona görə də xəstəliyin yeganə profilaktikası maarifləndirici tədbirlərin keçirilməsidir. Mərkəzimizin qlaukoma şöbəsi təkcə paytaxtda deyil, bu sahədə bütün ölkə miqyasında müxtəlif tədbirlər keçirir. Məlumat üçün onu da bildirmək istəyirəm ki, oftalmoloji xəstəliklər getdikcə artır. Onun artması həm tibbi, həm də sosial problemə çevrilir və xəstəliyin ən ağır formaları əlilliyə səbəb olur”.

Təhsil-press.az

Oxşar xəbərlər