Ruslar ayaqqabını dağılanadək geyirlər

Ruslar ayaqqabını dağılanadək geyirlər Rusiyada iqtisadi böhran ucbatından ayaqqabı satışı kəskin düşüb.

Bu barədə «The Moscow Times» qəzeti yazır.
Qəzet «Rossiyskaya Gazeta»ya istinadla bildirir ki, rusiyalılar ildə cəmi 2.5 cüt ayaqqabı alırlar ki, bunun da əsas səbəbi hazırkı iqtisadi böhrandır.
15 FAİZDƏN 100 FAİZƏDƏK BAHALANMA
Dəb Konsultasiya Qrupunun (Fashion Consulting Group- FCG) tədqiqatçıları bu qənaətə gəliblər ki, rusiyalılar köhnə ayaqqabıları tamamilə dağılanadək təzəsini almırlar.
Son 2 ildə ayaqqabıların qiyməti ucuz bazarlarda 15-20 faiz, bahalı məkanlarda isə 100 faiz bahalanıb.
Məqalədə qeyd olunur ki, istehlakçıların davranışındakı dəyişiklik iki faktorla bağlıdır: qiymətlərin qalxması və real gəlirin kəskin azalması. Rusiya iqtisadiyyatı çabaladıqca, əhalinin real gəlirləri artıq üçüncü ildir ardıcıl azalmaqdadır. Bu durum ayaqqabı bazarına da kəskin təsirsiz ötüşməyib.
İDXALDAN ASILILIQ
Tədqiqatçılar bir səbəb kimi rublun zəiflədiyini göstərirlər. Rusiya ayaqqabı bazarının kiçik bir hissəsinə yerli istehsalçılar nəzarət edirlər ki, onlar da idxaldan asılıdırlar. Ucuzlaşan neft və iqtisadi sanksiyalar rus valyutasını zəiflətdikcə, idxal olunan mallar da bahalaşır.
Amma qiymətlərin getdikcə yüksəlməsi rus istehsalçıları biznesi genişləndirməyə həvəsləndirib. Rusiyada ümumi iqtisadi durum düzələrsə, bu ilin sonunadək ölkədə ayaqqabı satışında 5-10 faizlik artım gözlənir. Bu qənaətə FCG tədqiqatçıları gəliblər.
Qəzet yazır ki, Rusiyada ayaqqabı satışındakı düşüş ABŞ-la müqayisədə lap kəskin görünür. Belə ki, amerikalılar 2015-ci ildə adambaşına 7.8 cüt ayaqqabı alıblar. Bunu Amerika Geyim və Ayaqqabı Assosiasiyası bildirir.

Təhsil-press.az

Oxşar xəbərlər