Zöhrə Əlimirzəyeva: Aprel hadisələri vaxtı qan vermək üçün çoxlu müraciətlər var idi

Zöhrə Əlimirzəyeva: Aprel hadisələri vaxtı qan vermək üçün çoxlu müraciətlər var idi İstər dinc dövrdə, istərsə də müharibə şəraitində qana çox böyük ehtiyac duyulur. Ona görə də qan bankı mühüm strateji əhəmiyyət daşıyır. Bu sahədə mövcud vəziyyəti öyrənmək üçün B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyevaya üz tutduq.
Həkim-hematoloq Təhsil-press.az-ın müxbirinə deyib:
-Hazırda leykozların diaqnostikası üçün lazım olan immunohistokimyəvi, molekulyar- genetik və sitogenetik müayinələr aparmağa imkan verən çox müasir laboratoriyalarımız var, lakin onun daha da təkmilləşdirilməsi üçün keçən il onkohematoloji xəstələrə yardım üzrə Dövlət Proqramı qəbul olunub və həmin Proqrama uyğun olaraq institutumuzun nəzdindəki laboratoriyalar daha müasir avadanlıqlar, reaktivlər və dərman preparatları ilə təchiz olunacaq. Dövlət Proqramı çərçivəsində son illər bütün leykozların müasir proqramlarında istifadə olunan dünya standartlarına cavab verən innovasion dərman preparatları ilə də təmin olunacağıq.
-Bəzən müxtəlif laboratoriyalarda verilən qan analizlərində fərqli cavablar alınır...
-Qanın ümumi müayinəsi və kimyəvi müayinələr zamanı analizator, cihaz, götürülmə üsulu, normativ və reaktivlərdən asılı olaraq cüzi fərqlər ola bilər. Məsələn, qanın ümumi analizində hemoqlobin, leykosit və trombositlərin səviyyəsində, eritrositlərin çökmə sürətində normativlərdə müəyyən qədər xırda fərqlər ola bilər, lakin əsaslı və köklü fərq olmamalıdır. Müayinə xəstənin real vəziyyətini əks etdirməlidir və hematoloqlar da həmin nəticələrə əsasən diaqnoz qoyaraq nəticə çıxarırlar. Ona görə də müayinələr vaxtı heç vaxt əsaslı fərq ola bilməz.
-Həkim, Qan bankı haqqında məlumat verməyiniz maraqlı olardı…
-Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankı fəaliyyət göstərir və müxtəlif qan qrupları üzrə kifayət qədər qan ehtiyatı var. Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində, Lənkəran, Şəki, Quba, Şirvan və Bərdə rayonlarında da müəssisəmizin filialları fəaliyyət göstərir. Ötən ilin aprel hadisələrində bankda kifayət qədər qan ehtiyatı var idi. Həmin vaxt mindən yuxarı eritrosit kütləsi və həmin miqdardan da xeyli artıq plazma olmasına baxmayaraq, heç bir çağırış və göstəriş gözləmədən könüllülər müraciət edərək qan verirdilər. Bərdədəki qan bankının rəhbəri deyirdi ki, aprel döyüşləri gedən günlərdə gecələr qan vermək üçün gəlib növbəyə dayananlar var idi. Bir çox müəssisələrin kollektivi və ayrı-ayrı vətəndaşlar fərdi qaydada könüllü olaraq qan vermək üçün müraciət edirdilər. Hətta qana ehtiyac olmadığı barədə onlara müraciət etməli olduq. Ehtiyatımızda lazımi miqdarda qan olduğuna görə könüllülərin böyük əksəriyyətinin qan vermək arzusuna ehtiyac yaranmadı. Məsələ burasındadır ki, qanın müəyyən saxlanma müddəti var. Dondurulmuş plazmanı iki ilə qədər saxlamaq olsa da, eritrositi qoruyan reaktivdən asılı olaraq qanı 1 ay və ya 42 gün saxlamaq mümkündür. Qanın həmin müddətdən artıq saxlanılması onun keyfiyyətinin itməsinə səbəb olur.
Bundan başqa Səhiyyə Nazirliyində hər ilin əvvəlində qrafik tutulur, briqadalar yaradılır və əməkdaşlarımız bölgələrə gedərək rayon icra hakimiyyətinin nümayəndələri və rayon mərkəzi xəstəxanalarının həkimlərinın yaxından köməyi ilə donorlar cəlb edir və onlardan toplanan qan ehtiyatı təmənnasız olaraq talassemiyalı xəstələrə və leykozdan əziyyət çəkənlərə vurulur. Aşura günü və digər mərasimlər zamanı keçirilən qanvermə tədbirlərində də bankımızda çoxlu qan ehtiyatı yaranır.
-İlin birinci üç ayında nə qədər donor olub?
-Əgər inişil 75 min donor var idisə, keçən il 80 mindən artıq donor var idi. Bu ilin ilk üç ayında isə 20 mindən artıq donor qeydə alınıb. Onların könüllü olaraq verdikləri qan yoxlanılaraq komponentlərə, qruplara ayrılır və müxtəlif mənşəli xəstəliklər zamanı istifadə olunur.

Təhsil-press.az

Oxşar xəbərlər