Evlənmək istəyənlərin qan analizləri səhv düşə bilərmi? - RƏSMİ AÇIQLAMA

Evlənmək istəyənlərin qan analizləri səhv düşə bilərmi? - RƏSMİ AÇIQLAMA Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində nikaha daxil olmaq istəyən 110 min nəfər üzərində tibbi müayinə aparılıb. Onların 3597 nəfərində talassemiya daşıyıcılığı aşkarlanıb.

Tehsil-press.az-n məlumatına götə, bunu Baş hematoloq Çingiz Əsədov deyib.
C.Əsədov qeyd edib ki, müayinədən keçən 71 cütün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb. Bu cütlüklərə daxil olan qadınların 12-də hamiləlik olub. Həmin qadınlarda aparılan müayinələr zamanı doğulacaq uşaqların 1-nin sağlam, 8-nin talassemiya daşıyıcısı, 3-nün isə xəstə olduğu məlum olub. Buna görə də 3 qadının bətnindəki döl abort vasitəsilə götürülüb. Cütlüklərin 59-u arasında ailə qurmamaq qərarına gələnlər, eyni zamanda hamilə olmayanlar da olub.
Hər il təxminən 180 minə yaxın şəxsin evləndiyini deyən Ç.Əsədov bildirib ki, həmin şəxslərin tibbi müayinəsini regionlarda Mərkəzi Rayon Xəstəxanaları və ya Şəhər Xəstəxanaları, Şəhər Səhiyyə Şöbələrinin əvvəlcədən müəyyən edilmiş tibb müəssisələri, Bakı şəhərində isə hər inzibati rayonda təyin olunmuş poliklinikalar, Hematologiya və Transfiziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi həyata keçirir: " Bütün rayon və şəhər səhiyyə müəssisələri yerlərdə skrininq aparılması üçün ən yaxşı hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunublar. Götürülmüş qan nümunələrinin Bakı şəhərinə çatdırılması üçün Xüsusi Qan Xidməti avtomobilləri ayrılıb və marşrutları müəyyən edilib. Rayon Mərkəzi Xəstəxanaları və şəhər səhiyyə idarələrinin müəyyən olunmuş tibb müəssisələrində də hematoloji kabinetlər yaradılıb".
C.Əsədov bu gün tibbi müayinədən keçən təxminən 180 minə yaxın şəxsin qan analizlərinin götürüldüyü sınaq şüşələrinin bir-birinə qarışması ehtimalının olmadığını da söyləyib: "Sınaq şüşələrinin bir-birinə qarışması ehtimalı var idi. Lakin Səhiyyə Nazirliyinin xüsusi proqram təminatı vasitəsilə ştrix kodlar hazırladıq. Bu kompüter proqramı sayəsində bu gün sınaq şüşələrinin bir-birinə qarışması, onların səhv düşməsi heç cür mümkün deyil".

Tehsil-press.az

Oxşar xəbərlər